“Budəfəki hərbi əməliyyatlar lokal xarakter daşımayacaq” - Cavab atəşi 

“Ermənistan Azərbaycanın onlara düşündüklərindən daha ciddi zərbə vura biləcəyini anlamalıdır” 


Sentyabrın 20-də saat 23:15 radələrində Azərbaycanın Qərb zonasında güclü partlayış səsi eşidilib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, həmin vaxt ardıcıl iki güclü partlayış səsi duyulub.

Yayılmış rəsmi məlumatlara görə, qeyd edilən saatda Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatını Azərbaycan hərbi qüvvələri  məhv edib. Vurulan PUA əraziyə düşərək partlayıb. Amma, təəssüf ki, itkimiz də olub. Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu düşmənin növbəti təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub. 

 Erməni təxribatları səngimir, bizim səbrimiz isə getdikcə tükənir.  İndi hər birimizin könlü əsgərlərimizin yanındadır...



 Dünən Şəmkirdə baş verən hadisələri “Sherg.az”a təhlil edən “Xalq cəbhəsi” qəzetinin baş redaktoru, siyasi ekspert Elçin Mirzəbəyli təxribatların arxasında dayanan məqsədi açıqlayıb:

 “Düşmən Azərbaycanı qıcıqlandırmaq istəyir. Təxribatların təmas xəttində deyil, məhz sərhədyanı bölgələrdə törədilməsi təsadüfi deyil. Burada əsas məqsəd  üçüncü tərəfin münaqişəyə cəlb edilməsidir. Həmçinin ermənilər diqqəti Dağlıq Qarabağdan yayındıraraq regionda yeni münaqişə zonasının yaradılması və hərbi gərginliyi başqa əraziyə köçürmək niyyətindədirlər.

Odur ki, düşmənə ən sərt cavablar verilməlidir. Düzdür, texnikanın məhv edilməsi çox mühümdür. Amma ordumuz düşmənin canlı qüvvəsini də sıradan çıxarmaq naminə bütün mümkün addımları atmalıdır. Ermənistan Azərbaycanın onlara düşündüklərindən daha ciddi zərbə vura biləcəyini anlamalıdır”. 
 
 E.Mirzəbəyli geniş miqyaslı hərbi əməliyyatları da istisna etmir:

“Nə qədər ki, torpaqlarımız azad olunmayıb və nə qədər ki, beynəlxalq vasitəçilər münaqişənin həlli istiqamətində heç bir rol oynamırlar, deməli, müharibə ehtimalı hər an var. Bəli, həmsədrlər baş verənlərə reaksiya göstərmirlər. Ölkə prezidenti bu günlərdə televiziya kanallarına verdiyi müsahibədə Ermənistanın müharibəyə hazırlaşdığına dair məlumatların olduğunu dedi.

Biz də hərbi əməliyyatlara hazırıq. Münaqişə davam etdikcə, Azərbaycan da lazımli cavablar verməyə məcbur qalacaq. Bu isə hərbi əməliyyatların lokal xarakter daşımayacağı ehtimalını artırır”.