Taksi sürücüsünün şəhid ailələrinə jesti alqışlandı: “...Hər yerdə olmalıdır”

Taksilərdən birində çəkilən foto sosial şəbəkələrdə geniş yayılıb və rəğbətlə qarşılanıb. Belə ki, salonun diqqətçəkən hissəsinə yerləşdirilən kağızda yazılıb: “Şəhid övladlarına gediş haqqı pulsuzdur...”.

Bu, Azərbaycanda ilk belə hal deyil. Əvvəllər də dəfələrlə müxtəlif xidmət yerlərində, o cümlədən kafe və restoranlarda şəhid övladlarına güzəştlərin tətbiq edildiyi ilə bağlı elanları görmüşük.  Bu isə o deməkdir ki, xalqımız öz şəhidlərinə sahib çıxır, onları unutmur. 



Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı bu xoş təşəbbüslə bağlı “Sherg.az”a fikirlərini bildirib:

“Əlbəttə, belə güzəştlər hər yerdə olmalıdır. Şəhid ailələri, övladları öz üzərlərində cəmiyyətin diqqət və qayğısını hiss etməlidirlər. Onlar ailə başçılarının nahaq yerə şəhid olmadıqlarını bilməlidirlər.

Amma bir məsələ var: bu prosesin praktik cəhətdən tətbiqi çox çətindir. Xidmət göstərənlər kimin həmin kateqoriyaya aid olub-olmadığını hardan biləcəklər?
Etiraf etmək lazımdır ki, belə güzəştlərdən sui-istifadə etmək istəyənlər də az deyil”.