Yaşamadan ölənlər... - Qeysəriyyənin ağır fəsadları var

“Qeysəriyyə gələcəkdə uşaq üçün problem yarada bilər”

Sabirabadda qeysəriyyət əməliyyatı ilə doğulan uşaq ölüb. Rayonun Qasımbəyli kənd sakini Aytac Quliyeva Sabirabad Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı ilə oğlan uşağı dünyaya gətirib. Lakin körpə əməliyyatdan sonra dünyasını dəyişib.
Hadisə ilə bağlı müvafiq araşdırmalar davam edir. Ona görə də hələlik körpənin ölüm səbəbi dəqiq bilinmir. Lakin qeyrəsiyyə əməliyyatı və təbii doğuşa dair müxtəlif fikirlər səslənir. Hər zaman qeysəriyyə əməliyyatının uşağın sağlamlığına mənfi təsirləri qeyd olunur. Bəs, bu əməliyyat həqiqətən də körpə üçün təhlükəlidirmi?



Sualımızı cavablandıran cərrah mama-ginekoloq Fəxranə Hüseynzadə “Sherg.az”a bildirib ki, baş verən hadisədə ana qeysəriyyə əməliyyatına yüksək təzyiq, qanaxma və kəskin mədə ağrısı ilə alınıbsa, belə hallarda həkimlər dölü yox əsasən ananı fikirləşməlidirlər. 
Həkimin sözlərinə görə, ana ölümü daha dəhşətli fakt olduğu üçün onun həyatını xilas etmək də vacib nüans hesab edilir:

“Ana qeysəriyyə əməliyyatına vaxtında və normal şərtlər daxilində alınıbsa və uşaq əməliyyatdan sonra ölübsə, hadisə dəqiq araşdırılmalıdır. Ola bilsin ki, uşaqda hansısa metabolik xəstəliklər olub. Hamiləlik dövründə döldəki metabolik xəstəlik bilinməyə bilər. Metabolik xəstəliklər uşaq doğulanda onun ilk sutkalar ərzində ölməsinə səbəb ola bilər. Ana hamiləlik dövründə lazımlı müayinələrdən keçməyibsə, genetik anomaliyası olubsa, bu, uşaq doğulandan sonra onun həyatla bağdaş qura bilməməsinə səbəb olur. Ona görə də körpə dünyasını dəyişir”.

Cərrah qeyd edib ki, qeysəriyyə əməliyyatının ana üçün bəzi mənfi cəhətləri var:

“Məsələn əməliyyatdan sonra ağrı olur, qarında çapıq izləri qalır və ananın özünü toparlaması bir az vaxt alır. Amma sırf uşağın qeysəriyyə ilə dünyaya gəlməsinin mənfi təsirləri hələ ki, sübut olunmayıb. Düzdür, neonatoloqlar deyirlər ki, qeysəriyyə əməliyyatı gələcəkdə uşaq üçün problem yarada bilər. Lakin hələ də sübut olunmayıb ki, qeysəriyyət ilə doğulan uşaqlarda hansısa problem var”. 

F.Hüsyenzadə normal doğuş zamanı da bəzi fəsadların ola biləcəyini diqqətə çatdırıb:

“Həm qeysəriyyə əməliyyatının, həm də normal doğuşun fəsadları ola bilər. Lakin qeysəriyyə əməliyyatı uşağın ölümünə səbəb ola bilməz. Əksinə normal doğuş zamanı uşaq ölümlərinə daha çox rast gəlinir. Çünki təbii doğuşda ananın çanağı balaca olduğu üçün doğuş uzun çəkir.

Bu zaman uşaq ölə bilər. Belə halların baş verməməsi üçün də son anda qesəriyyə əməliyyatını icra etmək lazım gəlir”.