Ehtiyatda olan hərbçilərin təlimə çağırılması nə məqsəd daşıyır? - Aktual şərh

“Bu gün ordumuzun kifayət qədər gücü var ki, səfərbərliyə ehtiyac olmadan torpaqlarımızı işğaldan azad etsin”.
Bu sözləri ehtiyatda olan hərbi qulluqçuların təlimlərə çağırılması barədə Lent.az -a danışan Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib.
O, bildirib ki, əvvəllər də müxtəlif qoşun növləri tərəfindən təlimlər keçirilib və iştirakçılar yüksək nəticə göstəriblər:
“Hərbi vəzifə və hərbi xidmət haqqında qanuna əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə, təlim, yoxlama və xüsusi toplanışlara çağırılırlar. Müxtəlif ixtisaslar üzrə bu çağırışlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilir. Bu proseslər xüsusən, Müdafiə Nazirliyinin, DSX-nın, DQ-nın birgə təlimləri zamanı əvvəllər də bir neçə dəfə baş tutub. Bu təlimlərdə ehtiyatda olan hərbi qulluqçular iştirak edərək, yüksək nəticə göstərib. Həmin təlimlərə ehtiyatda olan minlərlə müxtəlif ixtisaslı hərbi qulluqçu cəlb olunub. Təlimlərin keçirilməsi gənclərin vətənpərvərlik ruhunun və Səfərbərlik Xidmətinin peşəkarlığının göstəricisidir”.




E.Həsənlinin sözlərinə görə, ehtiyatda olan hərbi qulluqçuların bilik və bacarığı, həmçinin hansı ixtisasda olmasını bilmək üçün belə təlim və yoxlanışlar vacibdir:

“Son dövrlər çağırış sistemində şəffaflıq və müasirliyin olması səfərbərliyin işinə müsbət təsir edib. Artıq ehtiyatda olan qulluqçuların hansı ixtisasda olması, harada yaşaması, hazırda hansı peşə ilə məşğul olduğu, səfərbərliyə cəlb ediləndə hansı ünvana təhvil veriləcəyi barədə kifayət qədər məlumatlar var. Həmçinin onun iş və ya müalicə üçün xaricə getməsi, sonradan döyüş üçün yararlı olub-olmaması barədə dəqiqləşmələr aparılır. Bu gün ordumuzun kifayət qədər gücü var ki, səfərbərliyə ehtiyac olmadan torpaqlarımızı işğaldan azad etsin. Ancaq ehtiyatda olan hərbi qulluqçularımızın bilik və bacarıqlarının artırılması, onların səfərbərlik zamanı 1-ci və 2-ci dərəcəli yerlərə bölünməsi üçün ixtisaslara uyğun hazırlıqlar var. Ali Baş Komandanın imzaladığı plana uyğun olaraq, hər il zərurət olduqda ehtiyatda olan hərbi qulluqçular yoxlanışdan keçirilir. Bu da növbəti belə təlimlərdən biridir”.