Təbii fəlakətləri idarə edən qüvvələr var

Küləkli, tozlu, qumlu yerdə yaşayırıqsa, fırtınaya da hazır olmalıyıq


Paytaxt səmasındakı toz dumanının qum fırtınası olması mülahizələri də var. Bir müddət əvvəl Türkiyənin paytaxtı Ankarada qum fırtınası müşahidə edilmişdi. Belə fikir var ki, qum fırtınası hava axını ilə indi də bizə tərəf gəlib. ETSN-in məlumatında isə bildirilir ki, Milli Hidrometeorologiya Xidmətinin mütəxəssislərinin apardığı monitorinqin nəticələrinə əsasən 19-20 sentyabr 2020-ci il tarixlərində Bakı şəhəri və Abşeron yarımadasında havada tozun miqdarının sanitar normadan artıq olduğu müəyyən edilib. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev bildirib.

“Buna səbəb Bakı şəhəri və Abşeron yarımadasında meteoroloji şəraitlə əlaqədar olaraq tozun atmosferin yuxarı təbəqələrinə qalxmasıdır. Peyk görüntülərinə əsasən demək olar ki, havada müşahidə olunan toz hissəcikləri transsərhəd daşınma deyil, lokal xarakterlidir”.



“Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzi İdarə Heyətinin sədri Elçin Bayramlı “Şərq”ə açıqlamasında bildirdi ki, Ankara yaxınlığında müşahidə edilmiş qum fırtınasının yaratdığı toz hissəciklərinin hava axını ilə başqa ərazilərə yayılması mümkündür: 

- Bu yaxınlarda Ankara yaxınlığında gözlənilmədən çox güclü qum fırtınası olmuşdu, ola bilər ki, həmin tozlar atmosferin yuxarı qatlarına qalxıb və hava axınları onu bura tərəf gətirib. Başqa səbəbdən də yaranmış ola bilər. Buna aidiyyəti orqanlar izah verməlidirlər. Bu hal əlbəttə, tənəffüs yolları və ağciyərlər üçün təhlükəlidir. Ona görə də belə günlərdə tozdan qorunmaq lazımdır.

Ümumiyyətlə, son vaxtlar təbii fəlakətlərin artması, ağlagəlməz yerlərdə inanılmaz ekoloji proseslərin getməsi, bunun qlobal qüvvə tərəfindən həyata keçirildiyi haqda ciddi əsaslar yaradıb. Məsələn, bir neçə gün əvvəl Amerikada isti yay günündə temperaturun qəfildən 33 dərəcə (36-dan 3-dək) enərək qar yağması təbii olaraq mümkün deyildi. Bu, konkret iqlim silahlarının tətbiqidir. 

Son 1 ildə dünyanın ağciyərlərində - Sibir, Amazon, Avstraliya və Kaliforniya meşələrində ardıcıl və böyükmiqyaslı yanğınlar da təbii deyil, bu, konkret qəsdən və süni şəkildə törədilmiş hadisələrdir. İnsanların ağciyərlərinə qarşı virus terroru həyata keçirən qüvvə paralel olaraq planetimizin də ağciyərlərinə terror həyata keçirir.

Bunun çox ağır nəticələri olacaq. Tezliklə, təbii fəlakətlərin sayı artacaq, xəstəliklərin və ölüm hallarının sayı çoxalacaq. 
E.Bayramlının sözlərinə görə, dünya əhalisinin sayının çox olduğunu və təcili azaldılmalı olduğunu açıqca bəyan edən və bu sahədə işlədiklərini deyən qlobal qüvvələr bunu hansısa yolla etməlidirlər.

Nüvə müharibəsi törədəsi deyillər ki, onda özləri də öləcək. Ona görə də transhumanist canilər bu prosesi daha mədəni yollarla həyata keçirməyə başlayıblar: “Kütləvi qırğın silahlarının və kütləvi qırğın metodlarının onlarla növü var. Hazırda fikrimcə, azı 10 istiqamətdə terror (qida terroru, virus terroru, dərman və peyvənd terroru, psixotron terror və s) həyata keçirirlər. Hər bir ölkə, xalq bu qlobal terrordan özünü qorumalıdır. Təbiətimizi, təbii qidalarımızı, suyumuzu, həmçinin mənəvi dəyərlərimizi qorumalıyıq. Xüsusilə də, uşaqları. Gələcəyimiz bundan asılıdır”.

Qum fırtınası ilə bağlı isə bunu deyə bilərik ki, bu, quraq və yarıquraq bölgələr üçün xarakterik meteoroloji hadisədir və əsasən, isti havalarda baş verir. Qum fırtınası, qum və toz hissəciklərinin havaya sovrulması nəticəsində yaranır, bir neçə dəqiqədən bir neçə günədək davam edə bilir. Qum fırtınası insan səhhətində tənəffüs sisteminin və ya immun sisteminin zəifləməsi kimi təhlükə yarada bilər.

Əgər insan güclü küləkli, tozlu və ya qumlu yerdə yaşayırsa, fırtınaya hazırlıqlı olmalıdır. Səyahətə çıxanlar da bunu nəzərə almalı, qum fırtınasının xarakterik olduğu ərazilərdə təhlükə barədə xəbərdarlıq nişanlarına diqqət etməlidirlər.

Belə bir xəbərdarlıq edilibsə, qapalı məkanda qalmalı, uzun müddət acıq havada qalmamalı, bədəni qorumaq üçün uzunqollu köynək və şalvar geyinməli, üz nahiyəsini qorumaq üçün xüsusi maska, qoruyucu eynəklər taxmalı, zərurət olmadan bayıra çıxmamalıdırlar. Havada tozun az miqdarı belə gözlərin qıcıqlanmasına, görmədə problemlərə və nəfəsalmanın çətinləşməsinə gətirib çıxara bilir.

Maska yoxdursa, ağız və burun parça və ya dəsmal ilə bağlanmalıdır. Qoruyucu eynək yoxdursa, üz və gözləri əllərlə bağlamaq, başı parça, dəsmal, geyim və sairlə bükmək lazımdır. Burunda selikli qişanın qurumaması üçün burun boşluqlarının iç hissəsinə az miqdarda vazelin vurula bilər. Çökək yerdən nisbətən hündür yerə çıxmaq, küləyin sovurduğu müxtəlif mümkün predmetlərdən qorunmaq,  fırtına zamanı mümkün qədər hərəkət etməmək lazımdır.

Qapalı məkanlarda qapı və pəncərələri bağlayıb, fırtınanın bitməsini gözləyin. Avtomobil sürücüləri uzaqdan qum fırtınasını (dumanabənzər toz) görərsə, oradan mümkün qədər uzaqlaşmağa çalışmalıdır.