Müharibə qaçılmazdır

Ermənistanda xalq da təşvişdədir, politoloqlar da

Prezident Azərbaycanın münaqişəyə baxışını birmənalı olaraq əks etdirdi



Azərbaycan regionda müharibənin başlamasına hər zaman qarşı olub. Lakin Ermənistan tərəfi hər yolla bölgədəki vəziyyəti qarışdırmağa, işğal siyasətini davam etdirməyə çalışıb. Ölkə başçısı son çıxışında bu məsələyə xüsusilə toxunub və danışıqlar prosesinin uzanmasının mənasız olduğunu bildirib. Prezidentin qeyd etdiyi kimi, Azərbaycanın çox güclü ordusu var və biz ordumuzla düşmənə istənilən an hücum edə, torpaqlarımızda antiterror əməliyyatları həyata keçirə bilərik. Artıq dövr dəyişib və səbrimiz tükənib.

Danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirən dövlət başçısı imitasiya naminə müzakirələrdə iştirak etməyəcəyini söyləyib. Ölkə rəhbərinin sözlərinə görə, faktiki olaraq Ermənistan rəhbəri danışıqlar prosesini pozub: “Çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir. Əfsuslar olsun ki, Ermənistanın indiki rəhbərliyi bu məsuliyyəti dərk etmir.

Onlar bu addımların nəyə gətirib çıxara biləcəyini də düzgün təhlil edə bilmirlər”. Prezident vurğulayıb ki, əgər düşmən öz çirkin planlarından əl çəkməsə, onlar üçün nəticələr çox ağır olacaq: “Onlar yeni müharibəyə hazırlaşırlar. Onların təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Biz hər şeyi görürük, hər şeyi izləyirik. Onların bütün hərəkətlərini izləyirik. Əlbəttə ki, özümüzü müdafiə edəcəyik. Necə ki, Tovuzda özümüzü müdafiə etdik, bütün başqa istiqamətlərdə özümüzü müdafiə edəcəyik. Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu.

Əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq”. Prezidentin müsahibəsi Ermənistanda zəlzələ effekti yaradıb, sosial şəbəkə istifadəçilərinin və politoloqlarının təşvişinə səbəb olub. Ermənistanın müdafiə naziri David Tonoyanın açıqlaması mövcud gərginliyin səviyyəsini təsəvvür etməyə imkan verir: “Narahat olmayın! Biz güclü və dözümlüyük və qarşıda bizi yalnız qələbə gözləyir”.

Erməni politoloq Stepan Danielyanın Prezident İlham Əliyevin çıxışına münasibəti isə erməni ictimaiyyətinin narahatlığının səbəbinə tam aydınlıq gətirib. Danielyan Azərbaycan rəhbərinin heç vaxt aldatmadığını, xalqa yalan demədiyini, çıxışlarında yalnız həqiqəti söylədiyini vurğulayıb:

“Onun (Prezident İlham Əliyevin - red) sözlərini diqqətlə dinləyin. Dediklərində həqiqət var və təəssüf ki, bir çox hallarda bu həqiqəti yalnız Əliyevdən öyrənmək olar, pəltək yalançıdan (Nikol Paşinyan nəzərdə tutulur) deyil”. 

Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyanın son çıxışı da erməni politoloqun nə qədər haqlı olduğunu deməyə əsas verir. Mnatsakanyan son açıqlamasında bir tərəfdən Ermənistanın Dağlıq Qarabağla bağlı sülh danışıqlarına hazır olduqlarını deyir, digər tərəfdən isə Qarabağın “suverenliyi”nin İrəvanın maraqları çərçivəsində olduğunu bildirir: “Ermənistan özünün sülh prosesinə yanaşmasında çox davamlıdır. Biz dəqiq şəkildə qeyd etmişik ki, sülh prosesinə alternativ yoxdur, həll yalnız sülh yoluyla mümkündür”. Məhz qondarma rejimin “suverenliyi” və “Qarabağ Ermənistandır” təzadlı açıqlamalarına görə Prezident hazırda heç bir danışığın aparılmadığını deyir. 

Millət vəkili Azər Badamov deyib ki, ordumuz hazır vəziyyətdədir və Ali Baş Komandanın əmrini gözləyir. Deputatın sözlərinə görə, düşmən mütəmadi olaraq Azərbaycan-Ermənistan sərhəddində təxribatlar törədir və hər dəfə ağır itikiyə məruz qalaraq geri otuzdurulur:

“Hazırda danışıqlar prosesi dayandığından münaqişənin yeganə həll yolu geniş hərbi əməlyyatlar aparılmaqla torpaqlarımızı işğaldan azad etməkdir.

Ermənistan bilir ki, Paşinyanın sərsəm bəyanatları, danışıqlarla bağlı əsassız qeyd-şərtlər irəli sürməsi, təxribat və diversiya cəhdlərin çoxalması müharibəni daha da yaxınlaşdırır. Ordumuz hər bir təxribat cəhdinin qarşısını almağa hər zaman hazırdır. Amma bu o demək deyil ki, biz düşmənin təxribatlarına həmişə dözməliyik. Təxribatları təmas xəttində yox, dövlət sərhəddində törətməkdə məqsəd diqqətimizi müharibədən yayındırmaqdır. Dəfələrlə qeyd olunduğu kimi biz münaqişənin danışıqlar yolu ilə həll olunmasının tərəfdarıyıq və sözümüzə sadiqik. Amma Paşinyanın səsləndirdiyi sərsəm bəyanatlar və əməlləri müharibəni qaçılmaz edir. ATƏT-in Minsk Qrupu təcilli şəkildə Paşinyanın başına ağıl qoymazsa, hərbi əməliyyatlar başlana bilər və çoxdan gözlədiyimiz qələbəyə imza ata bilərik”. 

Politoloq Qabil Hüseynli bildirib ki, Prezident İrəvanın sərsəm iddialarına yekun bir cavab verdi:

“Düşünürəm, cənab Prezidentin budəfəki çıxışı bundan öncəki çıxışlarından tam fərqli oldu. Çünki hazırda heç nə əvvəlki kimi deyil. Məsələ ondadır ki, bu gün rəsmi İrəvan aqressiv ritorika ilə çıxış edərək münaqişəyə olan mövqeyini birmənalı ifadə edir. İstər Paşinyanın populist bəyanatları, istərsə də İrəvanın siyasi təxribata əl ataraq, Azərbaycanın Ermənistanla yox, “dqr”lə danışıqlar aparmalı olduğunu iddia etməsi onu deməyə əsas verir ki, münaqişənin danışıqlar yolu ilə həlli mümkünsüzdür. Ermənistan danışıqların formatını dəyişdirməyə cəhd edir. Biz heç vaxt bununla razı ola bilmərik. Ölkə başçısının dediyi kimi, biz bu yanaşmanı Minsk Qrupunun həmsədrlərindən də gözləyirik”. 

Politoloqun sözlərinə görə, Ermənistanın danışıqlardan imtina etdiyi bir zamanda Azərbaycanın münaqişəni həll etmək üçün bir yolu var:

“Cənab Prezident öz çıxışında çox mühüm bir məqama toxundu, Azərbaycanın münaqişəyə baxışını birmənalı olaraq əks etdirdi. Müharibə qaçılmazdır və düşünürəm bu olacaq. Şübhəsiz, biz hər zaman münaqişənin danışıqlar yolu ilə həllini istəmişik, lakin mövcud vəziyyətlə barışmaq olmaz. Ermənistan bu gün işğal olunmuş torpaqlarda qanunsuz məskunlaşdırma aparır. Bu, bütün beynəlxalq konvensiyalara ziddir. Cenevrə Konvensiyasına görə, belə bir əməlin heç bir hüquqi əsası yoxdur. Haradansa insan gətirib qanunsuz məskunlaşdırmaq cinayətdir. Bütün bu və digər məsələlər bir daha onu göstərir ki, Ermənistan bilincli surətdə Azərbaycanı müharibəyə çəkmək istəyir. Baxın, təxribata yox, faktiki bir müharibəyə. Rəsmi İrəvan bu yolla Azərbaycanı hücum edən tərəf kimi göstərib özünü haqsız yerdən haqlı kimi göstərməyə çalışır”.