Koronavirus təbii virusdursa, ilin sonuna yox olacaq

Adil Qeybulla: "Əgər yoxa çıxmasa, demək bu, laboratoriyada yaradılmış süni virusdur"

Dondurulmuş məhsullarda koronavirusun olmasını demək çətindir

Dünya mətbuatında koronavirus riskini artıran məhsullarla bağlı iddialar yer alır. Bəzi ekspertlərə görə, bir sıra ölkələrdən ixrac olunan dondurulmuş ət və dəniz məhsullarında koronavirus təhlükəsi var. Alimlər bu yaxınlarda Rusiyadan gətirilən dondurulmuş qidalarda koronavirusa rast gəlindiyini bildirib. Belə ki, avqust ayının 24-31-i tarixlərində  idxal edilmiş "kalamar" paketlərini alanlar və ya istehlak edənlərin koronavirus testindən keçiriləcəyi deyilib.



Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla "Şərq"ə açıqlamasında qeyd edib ki, donmuş məhsullarda koronavirusun olması real görünmür. O bildirib ki, ərzaq məhsullarında koronavirusun axtarılması bir az ciddi məsələdir:

"Adətən brusülyoz dondurmada olur və insanlar ondan yoluxur. Koronavirusun isə donan zaman özünü necə aparmasını yalnız tədqiqatlar zamanı müəyyənləşdirmək olar.

Dondurulmuş, yaxud da ərzaq məhsullarında koronavirusun olmasını demək çətin məsələdir. Çünki insanlar bu ərzaqlardan kütləvi şəkildə istifadə edirlər.

Onların ərzağa haradan və necə düşməsi də maraqlıdır. Bu zaman sual yaranır ki, ərzaqlar yoxlanılmırmı? Hər halda bütün bu məsələlərdə çox diqqətli olmaq lazımdır.

Hesab edirəm ki, koronavirusla biz yaşamağa bacarmalıyıq. Koronavirus təbii doğan virusdursa, bu ilin sonuna kimi yoxa çıxmalıdır. Əgər yoxa çıxmasa, demək bu, laboratoriyada yaradılmış süni virusdur".