Gürcüstan dostu düşməndən ayırmağı bacarır

Bu ölkədə maraqlı qüvvələrin təxribatları heç də gürcü hökumətinin mövqeyini əks etdirmir

Gürcüstan regionda Azərbaycanın yaxın müttəfiqlərindən sayılır. SSRİ dağılandan sonra hər iki ölkədə baş verən proseslər, daxili və xarici vəziyyətin oxşarlığı, geosiyasi maraqların üst-üstə düşməsi və digər amillər iki ölkə arasında partnyorluq münasibətlərinin yaranmasına gətirib çıxarıb. Ölkələrarası diplomatik münasibətlər qurulandan sonra istər regional, istərsə də qlobal məsələlərdə bu iki dövlət həmişə eyni mövqedən çıxış ediblər.

Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. Gürcüstan tranzit ölkədir. Azərbaycanın enerji resursları məhz bu ölkə üzərindən Türkiyəyə, oradan Avropaya nəql olunur. Bütün bunlar o deməkdir ki, Gürcüstan tranzit ölkə kimi Azərbaycanın sayəsində külli miqdarda maliyyə vəsaiti qazanır.

Gürcüstanın yetərli daxili iqtisadi resurslara sahib olmadığını, zəif iqtisadiyyatının dəstəyə möhtaclığını nəzərə aldıqda, Azərbaycan rəsmi Tiflis üçün maliyyə qaynağını təmin etmiş yeganə qonşu ölkə rolunu oynayır.

Hər halda, Azərbaycanın beynəlxalq iqtisadi layihələrindən əldə olunan maliyyə qaynağının Gürcüstanın illik dövlət büdcəsinin formalaşmasında həlledici səviyyədə önəmli olduğunu sübut etməyə ehtiyac yoxdur. Ancaq təəssüflər ki, Azərbaycanla Gürcüstan arasında strateji münasibətləri gözü götürməyən qüvvələr mövcuddur və həmin qüvvələr zaman-zaman iki qonşu dövlət arasında qarşıdurma yaratmağa cəhd göstərirlər. 

Bu məqama ötən gün yerli TV-lərə müsahibə verən Prezident İlham Əliyev də toxunub. Dövlət başçısı öncə Gürcüstan hökumətinə öz ərazisindən Ermənistana silahların daşınmasına imkan vermədiyi üçün təşəkkür edib.

Ölkə rəhbəri vurğulayıb ki, Gürcüstan özünü etibarlı tərəfdaş kimi apardı: “Gürcüstan hökumətinin simasında biz etibarlı tərəfdaş və dost görürük. Hökumətlərarası əlaqələr gündən-günə möhkəmlənir. Bir çox önəmli layihələr icra edilir. Bu yaxınlarda bizim xarici işlər nazirimiz Gürcüstana rəsmi səfər edəcək. Bu, onun xarici işlər naziri kimi Gürcüstana ilk səfəri olacaq. İndi səfərin proqramı hazırlanır. Bir çox məsələlər var. Bizi həm tarixi əlaqələr bağlayır, həm ortaq maraqlar. Bu gün Gürcüstan və Azərbaycan arasındakı əlaqələr və inkişaf edən əməkdaşlıq hər iki ölkənin maraqlarına xidmət edir”. 

Lakin Pezident qonşu ölkə ilə aramıza nifaq salmağa çalışan məkrli qüvvələrin olduğunu da bəyan edib. Dövlət başçısı qeyd edib ki, Ermənistan və Gürcüstanda yaşayan ermənilər, eyni zamanda, gürcü familiyaları altında gizlənən etnik ermənilər hər vəchlə çalışırlar ki, Gürcüstan-Azərbaycan əlaqələrinə zərbə vursunlar:

“Gürcüstanda keçən il baş vermiş bəzi təxribat xarakterli hadisələrin mənbəyi dünya erməniliyidir. Onların əsas məqsədi Gürcüstan-Azərbaycan əlaqələrini pozmaqdır. Amma buna nail olmayacaqlar”. Ölkə rəhbəri vurğulayıb ki, Azərbaycan bütün dövrlərdə Gürcüstanın yanında olub: “Azərbaycan beynəlxalq təşkilatlarda Gürcüstanın ərazi bütövlüyü ilə əlaqədar birmənalı mövqe göstərib və göstərəcək. Gürcüstan xalqı hesab edirəm ki, yaxşı bilir, kim onun dostudur, kim onun düşmənidir”.



Prezidentin təmas etdiyi məqamı “Şərq”ə dəyərləndirən politoloq İlqar Vəlizadə bildirib ki, Gürcüstan-Azərbaycan əlaqələrini pozmağa cəhd edənlərin hərəkətləri onların arxasında havadarlarının, sponsorlarının olduğunu açıq şəkildə göstərir. Analitikin sözlərinə görə, gürcülərlə azərbaycanlılar arasındakı sərhəd insidentini və digər xırda problemləri Ermənistan mətbuatı həftələrlə gündəmdə saxlayır, bunu tərəflərin qarşıdurması kimi qələmə verir:

“Reallıq odur ki, Gürcüstandakı maraqlı qüvvələrin təxribatları heç də gürcü hökumətinin mövqeyini əks etdirmir. Gürcüstan rəhbərliyi və xüsusi xidmət orqanlarının əməkdaşları dəfələrlə bildiriblər ki, ikitərəfli münasibətlərin inkişafına qəsdən zərbə vurmağa çalışan qruplar mövcuddur.

Çox güman Tiflis hökuməti ölkədə qərəzli qüvvələrin varlığından xəbərdardır.

Gürcüstanın Rusiyadan Ermənistana ötürülən silah-sursatın öz ərazisindən keçməsinə icazə verməməsi Azərbaycanla problem istəməməsindən irəli gəlir. Vacib məqamı xatırladım ki, bir neçə gün əvvəl BMT-də Gürcüstan qaçqınları ilə bağlı qətnamə səsə qoyularkən Ermənistan orada iştirak etməyib. Tiflis İrəvanın niyyətini başa düşür.

Silahların keçməsinə imkan verməməsi isə göstərir ki, Gürcüstan hökuməti dostu düşməndən ayırmağı bacarır. Ümid edirəm, iki ölkə arasında hər zaman sağlam qonşuluq münasibətləri hökm sürəcək və gürcülər ermənilərin təxribatına aldanmayacaq”.