Parlamentdə oturan hər kəs siyasətçidir

Etibar Əliyev həmkarını müdafiə etsə də, yanılır

Milli Məclisin deputatı Jalə Əhmədovanın siyasi məsələlərdən uzaq olması ilə bağlı səsləndirdiyi fikirlər ictimaiyyətdə birmənalı qarşılanmayıb. Bu fikirlərinə görə deputat qınaq obyektinə tuş gəlib. Ancaq xanım deputatı müdafiə edənlər də var. Məsələn, deputat Etibar Əliyev həmkarını müdafiə edib və bildirib ki, Jalə Əhmədovanın “deputat olsam da, bir az siyasi məsələlərdən uzaqda dayananlar sırasındayam” fikrinə hörmətlə yanaşır və ona haqq qazandırıram. Sual yaranır, siyasətlə kimlər məşğul olmalıdır?

Ali məktəblərdə “Politologiya” ixtisası üzrə mütəxəssis hazırlanır. “Siyasət” ixtisası üzrə fəlsəfə doktoru və elmlər doktoru alimlik dərəcələri verilir. Ali Attestasiya Komissiyasının saytında 2010-cu ildən bəri “siyasət” üzrə fəlsəfə doktorlarını 100-ə qədər sayandan sonra gözlərim qaraldı, davam edə bilmədim. Siyasi partiya rəhbərləri və həmin partiyanın üzvləri siyasətlə məşğul olurlar və 12 partiyanın nümayəndələri parlamentin üzvüdür”. E.Əliyevin fikrincə, Milli Məclisin “Elm və Təhsil”, “İdman və Gənclər”, yaxud “Səhiyyə” komitəsində siyasətçilərin olmasına ehtiyac yoxdur: “Vəziyyət o həddə gəlib çatıb ki, bəzi qəzet və sayt rəhbərləri də özlərini kamil siyasətçi adlandırırlar. Bismark gözəl deyirdi: “Siyasət elm deyil, sənətdir”.  Şəxsən mənim də sənətim siyasət deyil. Elm, təhsil, səhiyyə, gənclər, idman siyasəti ilə məşğul olanların əksəriyyəti isə özlərini siyasətçi adlandırmırlar. Tamamilə düz edirlər. Əsas məsələ idrakla və təfəkkürlə ölkəyə verilən faydadır”.

Politoloq Ceyhun Əhmədli isə hesab edir ki, parlament siyasi təsisatdır. Siyasi şərhçinin sözlərinə görə, Milli Məclisin tərkibi seçki yolu ilə formalaşdığı üçün deputatların siyasi proseslərdə iştirakı labüddür:

“Deputat həmkarlarından biri Jalə Əhmədovanı müdafiə etmək məqsədilə belə bir yanaşma ilə çıxış edib ki, Milli Məclisin səhiyyə, elm, idman komitələrinin üzvləri özlərini siyasətçi hesab etməyə bilər. Kökündən yanlışdır. Əvvəla ona görə ki, məsələyə bu məntiqlə yanaşsaq, “siyasətlə məşğul olan komitə”ni müəyyən edə bilməyəcəyik. Çünki əgər səhiyyə və elm komitələrinin üzvləri siyasətçi deyilsə, mədəniyyət, hüquq, dövlət quruculuğu, təhlükəsizlik, energetika və digər bu kimi komitələrin üzvlərini necə təsnifatlandıraq?! Onlar da öz arzuları ilə siyasətçi hesab olunmaya bilərmi? Komitə adlarındakı peşə spesifikasından çıxış etsək, parlamentin mahiyyəti itir. Bütün peşələrə hörmətlə yanaşıram, amma parlament siyasət peşəkarlarının təmsil olunduğu seçkili orqandır. Kimsə idmanla, həkimlik peşəsi ilə məşğul olmaq istəyirsə, onlar üçün daha münasib platformalar mövcuddur. Xalqı təmsil edən hər kəs siyasətçidir”.