Azərbaycanda dağılmaq üzrə olan məbəd tarixi abidə kimi qeydiyyata alınmayıb 

Göygöl rayonu Yeni Zod kəndinin Cavadxan yüksəkliyində yerləşən məbəd (Alban kilsəsi) dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında yer almayıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib. 

Bildirilib ki, bununla əlaqədar məbədin müvafiq siyahıya əlavə edilməsi üçün Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən yeni aşkar olunmuş abidə qismində nəzərdən keçirilir. Məbədlərdə monitorinq aparılaraq müvafiq məlumatlar toplanılıb, qanunvericiliyin tələblərinə uyğun olaraq lazımi sənədlər hazırlanıb.Dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilməsi üçün müvafiq dövlət orqanlarına müraciət olunacaq. Məbəd bərpa-konservasiya olunması üçün dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına əlavə olunub.

Xatırladaq ki, dağılmaq üzrə olan kilsə təxminən dəniz səviyyəsindən 2 109 metr yüksəklikdə yerləşir. Kilsənin yerləşdiyi yüksəkliyi asfalt yoldan 6-7 kilometrlik məsafə ayırır.