Gənclər ayaqdadırlar ! - “Tarixi torpaqlarımıza qayıdacağıq” -  Hamı səfərbərdir !

Neçə həftədir,  gənclər ayaqdadırlar. Bir gənc kimi istisnasız olaraq, hər bir həmyaşıdımın keçirdiyi hissləri, yaşadıqları təlatümləri, daxillərində coşub-daşan hərbi-vətənpərvərlik ruhunu görmək, hiss etmək çətin deyil. Onlar döyüş, tarixi qələbə arzulayırlar. Orduya çağırılmaq üçün hər gün, hər gecə dua edirlər. Buna heç kimin şübhəsi olmasın. Əgər belə olmasa, yüzlərlə gənc könüllü olaraq Səfərbərlik və hərbi xidmətə çağırış məntəqələrinə üz tutmazlar. 

 Ehtiyatda olan pokovnik-leytenant Samir Səfərov “Sherg.az”a açıqlamasında bildirib ki, cəmiyyətimizdə hərbi-vətənpərvərlik ruhunun ən yüksək səviyyədə olması təsadüfi deyil:

 “Aprel döyüşləri də, Tovuz döyüşləri də, həmçinin digər görülən işlər, o cümlədən səfərbərlik ehtiyatlarının dəqiqləşdirilməsi də göstərdi ki, hamı səfərbərdir. Hər bir Azərbaycan vətəndaşı indi əmr gözləyir. Şəxsən mən ehtiyatda olsam da, hərbi formam daim hazırdır. İki dəqiqəyə geyinib, əlimə silah alıb, döyüşə qatıla bilərəm. Gənclərimizdən çox razıyam.

Çağırışçılar qismən də olsa, toplanışlara cəlb edildilər. Gördüm ki, onlar toy-bayrama gedərmişcəsinə çağırış məntəqələrinə yollanırlar. Bilirsiz niyə? Çünki biz öz torpaqlarımız uğrunda öləcəyik.

Düşmən isə bilir ki, həmin ərazilər onun deyil. Ona görə qorxur. Cənab Prezidentin də dediyi kimi, əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpaqlarından rədd olsun!

Biz ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verməyəcək, tarixi torpaqlarımıza qayıdacağıq. Təkrarlayıram, bunun üçün hamı səfərbərdir”.