“17 yaşlı oğlanın intiharı toplumun faciəsidir” - Psixoloqdan "diaqnoz"


“Sanki beyinlərimiz kodlaşdırılıb və bu kod altında xoşbəxtlik anlayışımıza uyğun olaraq həyatımızı yaşayırıq”

“Həyatımızda hər hansı bir hadisə bu kodlara cavab verməyəndə cəmiyyət tərəfindən qınaq obektinə çevrilir”

“Təbii ki, cəmiyyətimizin belə düşüncələrə sahib olma səbəbkarı yaşadığımız ailə və ətrafımızdır”



Bakının Xətai rayonunda 17 yaşlı oğlan intihar edib. Hadisə dünən saat 07:30 radələrində baş verib. Fərid Cəbiyev özünü mənzilinin eyvanından asıb. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda gənci intihara sövq edən səbəblər araşdırılır. 


Yeniyetmələrin intiharına dair “Sherg.az”a danışan psixoloq Fərqanə Mehmanqızı bildirib ki, şagirdlərin intiharı illərdir ki, tendensiya olaraq davam edir. Psixoloq vurğulayıb ki, hər il imtahan nəticələri bəlli olanda uğursuz nəticə əldə edən abituriyentlər intihar edirlər:

“Hələ bizə və mətbuata bəlli olmayan ölüm halı var. Sözügedən intihar hadisəsi yeniyetməliyin və toplumun faciəsidir. Çünki bizim toplumun xoşbəxtlik pillələri var. Məktəbi bitirmək, universitetə daxil olmaq, ailə həyatı qurmaq, oğlanların əsgərliyə getməsi, yaxşı iş, maşın, ev, toy və.s. Sanki beyinlərimiz kodlaşdırılıb və bu kod altında xoşbəxtlik anlayışımıza uyğun olaraq həyatımızı yaşayırıq. Həyatımızda hər hansı bir hadisə bu kodlara cavab verməyəndə cəmiyyət tərəfindən qınaq obektinə çevrilir, sevilməyən obraza dönür və ailədaxilində də “qüsurlu” insan hesab edilirik. Təbii ki, cəmiyyətimizin belə düşüncələrə sahib olma səbəbkarı yaşadığımız ailə və ətrafımızdır. Beynimizə yeridiblər ki, məktəbi bitirib mütləq universitetə daxil olmalıyıq. İstənilən nəticə əldə olunmadığı təqdirdə isə faciə baş verir”. 

F.Mehmanqızı qeyd edib ki, onsuz da yeniyetməlik psixoloji olaraq həssas dövrdür:

“Həssas və travmalı uşaqlar da intihara əl atırlar. Bəzən diqqət cəlb etmək, hədə gəlmək və danlanmamaq üçün belə edirlər. Amma yenə də bunların hər birinin təməlində ailədən çəkinmək dayanır. Ailə də cəmiyyətə görə belə reaksiya verir. Valideyn düşünür ki, “Övladım universitetə daxil olsun, qonşunun uşağı da universitetdə oxuyur”. Beləliklə aqressiya və ittihamlar başlayır”. 

Psixoloqun qənaətincə, məktəb psxioloqlarının və Təhsil Nazirliyinin üzərinə böyük məsuliyyət düşür:

“Ən azı 10-11ci siniflərdə psixoloqlar yeniyetmələr və onların  ailəsi ilə mütəmadi olaraq görüşməlidir. Şagirdlərin hansı ixtisasa sahib olmaq istəyi, hədəfləri barədə söhbətlər aparılmalıdır. Əminəm ki, bu görüşlər effekt verəcək. Universitetə daxil olmaq hər zaman mümkündür. Valideynlər bu faktı başa düşsələr, uğurlu nəticə əldə etmiş olarıq”.