Prezidentin çıxışı BMT üçün yol xəritəsidir

BMT-nin informasiya portalı Azərbaycan Prezidenti İlham Əliyevin Baş Assambleyanın 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışını xüsusi xəbər kimi yayıb. Bu da təsadüfi deyildi.
Trend-in məlumatına görə, “Azərbaycan Prezidenti Baş Assambleyada: Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır” sərlövhəli informasiyada dövlətimizin başçısının Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, törətdiyi son təxribatlar, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozması, həmçinin Azərbaycanın sabit, müasir, demokratik və multikultural dövlət kimi inkişafı ilə bağlı fikirləri yer alıb.

Azərbaycan Prezidentinin çıxışının BMT-nin informasiya portalında xüsusi xəbər kimi verilməsi dövlətimizin başçısının çıxışının əhəmiyyətinin, aktuallığının və Prezident İlham Əliyevin dünyada siyasi nüfuzu və çəkisinin əyani göstəricisidir.

Əslində dünyanın ən nüfuzlu və ən böyük təşkilatı olan BMT-nin tribunasında Ermənistanın işğalçı və faşist mahiyyəti bu qədər dəqiq, açıq, sistemli və qətiyyətli şəkildə ifşa edilməmişdi. Ermənistanın törətdiyi bütün cinayətlər dəqiq xronoloji ardıcıllıqla qeyd edildi.

Azərbaycana qarşı yönələn cinayətlərlə yanaşı Prezident İlham Əliyev, Ermənistanda geniş vüsət almaqda olan siyasi repressiyaları tutarlı faktlarla təsvir olundu.

Prezident çıxışında başqa bir məqamı xüsusi qeyd etdi. Sitat: “Biz Ermənistana artmaqda olan silah təchizatından ciddi narahatıq. Xüsusilə də Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən törədilmiş hərbi təxribatdan sonra. Dövlət sərhədindəki toqquşmaların qaynar fazası iyulun 16-da sona çatmışdır. Növbəti gün - iyulun 17-dən etibarən sentyabr ayına qədər biz hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşınmasının şahidi olduq. Ermənistanın dünyanın ən yoxsul ölkələrindən biri olduğunu və silahlara milyardlarla dollar xərcləmək imkanına malik olmadığını nəzərə alsaq, silahların ona pulsuz verildiyi qənaətinə gələ bilərik”.

Bir çox ekspertlər Prezidentin tarixi çıxışını yüksək qiymətləndirilər. Məsələn, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli qeyd edib ki, dövlətimizin başçısı çıxışında Ermənistanın siyasətinin işğalçı mahiyyətini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Prezident İlham Əliyev Ermənistan rəhbərliyinin avtoritar, mürtəce, insan hüquqlarına zidd siyasətinə baxmayaraq, beynəlxalq təsisatların, qeyri-hökumət təşkilatlarının buna göz yumduğunu söyləyib.

“Prezident, eyni zamanda, Azərbaycanın həm siyasi, həm iqtisadi islahatlar çərçivəsində əldə etdiyi nailiyyətlərdən bəhs etdi, pandemiyadan sonrakı dövrdə bütövlükdə beynəlxalq münasibətlərdə yeni yanaşmaların və islahatların aparılmalı olduğunu vurğuladı. Azərbaycan Prezidentinin BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması ilə bağlı təklifi və yeni yanaşma xüsusi əhəmiyyət kəsb edir”.

Millət vəkili Azay Quliyev isə Prezidentin çıxışını mükəmməl yol xəritəsi adlandırıb. O bildirib ki, son zamanlar Paşinyan diktaturasının törətdiyi təxribatlar, Tovuz hadisələri, işğal altında olan torpaqlarımızda həyata keçirdiyi qanunsuz məskunlaşma və terrorçu dəstələrin burada yerləşdirilməsi halları, cari ilin avqust ayında erməni diversiya qrupunun təmas xəttini keçmək cəhdi bütün detalları ilə dünya ölkələrinin diqqətinə çatdırıldı.

“Prezidentin ATƏT-in Minsk qrupunun həmsədrlərinin uğursuzluğunu və işğalçını öz adı ilə çağırmamasını sərt şəkildə tənqid etməsi bu ölkələr üçün nəticə çıxarılması vacib olan ciddi mesajdı.

Onun Ermənistanın Tovuz təxribatından dərhal sonra Minsk qrupunun məlum həmsədr ölkəsi tərəfindən silahlandırılması faktını açıq şəkildə qeyd etməsi və bunu BMT tribunasından qətiyyətlə pisləməsi xüsusi əhəmiyyət kəsb edir”.
Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən yenə Ermənistanın təcavüzkar siyasətini onun diqqətinə çatdırıb.

Prezident vurğulayıb ki, Minsk qrupunun bəyanatları birbaşa ünvanı olmayan bəyanatlardır. Çünki Azərbaycan heç bir təxribatçı addım atmayıb. “Biz dövlət sərhədində onlara hücum etməmişik, diversiya qrupu göndərməmişik, könüllü qoşunun yaradılmasını elan etməmişik, heç bir başqa təxribat törətməmişik. Bütün təxribatlar Ermənistan tərəfindən törədilir və onlar bunu qəsdən edirlər, bunu nümayiş etdirirlər. Onlara beynəlxalq təzyiqin olmaması, - mən bunu Minsk qrupunun həmsədrləri ilə görüşlərdə dəfələrlə qaldırmışam, - çox təhlükəli addımlara gətirib çıxarır ki, bunun da gözlənilməz nəticələri ola bilər”, deyə Prezident bildirib.

 Səbuhi Məmmədli