CS:GO virtual döyüş növü üzrə Azərbaycan birinciliyinin miqyası genişlənir


“Gaming League Azerbaijan”ın təşkilatçılığı, “Mountain Dew” şirkətinin tərəfdaşlığı ilə reallaşan dünyanın ən populyar virtual döyüş növü olan Counter-Strike:Global Offensive (CS:GO) oyunu üzrə Azərbaycan birinciliyi davam edir.

Birinciliyin 1-ci və 2-ci divizionlarının növbəti oyunları həftənin şənbə və bazar günləri baş tutacaq.

1-ci Divizionun bu həftəlik qarşılaşmaları “Ganja Poets” və “Lankaran Heroes”, habelə “Nakhchivan Alinja Tower” və “Quba Tigers” komandaları arasında keçiriləcək.

Liqanın 2-ci Divizionunda isə “Karabakh Horses” və “Qazakh Ashiqs”, eləcə də “Shaki Khans” və Bakı təmsilçisi “Old City White Pants” komandaları üz-üzə gələcəklər.

Oyunların nəticəsi komandaların gələcək həftə hansı divizionda mübarizə aparacaqlarını müəyyənləşdirəcək.

Həftənin ən əlamətdar hadisəsi 3-cü divionda oyunların başlamasıdır. İlk turda “Khizi Mountains” “Qobustan Stones” komandasına 0:2 hesabı ilə məğlub olub. “Qakh Berkuts” komandasının “Balakhani Oilers” kollektivi ilə matçı da eyni hesabla yekunlaşıb (0:2).

Bu gün 3-cü Divizionda “Balakhani Oilers” və “Qobustan Stones” komandaları 1-ci yerin, “Khizi Mountains” və “Qakh Berkuts” isə 3-cu yerin sahibini müəyyənləşdirəcəklər.

Qeyd edək ki, 3-cü divizionun qalibi gələcək həftə artıq 2-ci Divizionda yarışacaq.

Turnir onlayn rejimdə keçirilir və həftənin şənbə, bazar günləri 12:00-dan 20:00-dək GLAHUB youtube kanalında canlı yayımlanır.

Eyni zamanda, birincilik haqqında ətraflı məlumat kiberidmanın yeganə ünvanı gla.az saytında yerləşdirilib. 

2019-cu ilə qədər olan statistikalara görə, 400 milyondan artıq insanın marağını qazanan kiber idman sahəsi bu gün də öz populyarlığını artırmağa davam edir. Kiber idman oyunları test oyun olaraq 2022-ci ildə baş tutacaq 19-cu Asiya Oyunlarına daxil edilmişdir.

Azərbaycanda isə 2019-cu ildə yaranmış, kiber idman turnirləri həyata keçirən Gaming League Azerbaijan (GLA) bugünədək 10-dan çox (14) kiber idman çempionatı həyata keçirmişdir. Kiber idman mədəniyyətini inkişaf etdirmək məqsədi ilə yaradılan bu şirkətin prioritet məqsədləri arasında Azərbaycanda beynəlxalq səviyyəyə qədər kiber idman üzrə oyunların inkişaf edilməsi və Azərbaycanda həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün bütün lazımi şəraitin yaradılması daxildir.