Deputat: "Mülkü əhalini atəşə tuturlar, buna görə ordumuz əks-hücum əməliyyatlarına başladı"


Artıq 30 ilə yaxındır ki, Azərbaycan torpaqları mənfur qonşumuz olan Ermənistan tərəfindən işğal olunub. Təəssüflər olsun ki, BMT-nin 4 qətnaməsi olmasına baxmayaraq, beynəlxalq ictimaiyyət hələ də bu problemin həllində susur.

 Bu sözləri Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, bütün beynəlxalq platformalarda Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini həmişə çatdırıb: “Elə son günlər ölkə başçısı BMT-nin 75 illik iclaslarında və debatlarında da iştirak edərək Azərbaycan həqiqətlərini bir daha səsləndirdi və ermənilərin yeni müharibəyə hazırlaşdığını vurğulayaraq baş verə biləcək toqquşmalarda bütün günahın, təqsirin erməni tərəfində olacağını bildirdi. Üç gün keçdi və biz yenidən erməni təxribatının şahidi olduq. İyul və avqust aylarındakı təxribatların davamı olaraq ermənilər bu gün təxribat törətdilər. Mülkü Azərbaycan əhalisini atəşə tuturlar, yaralananlarımız var. Bizim artıq səbrimiz tükənib. Bütün bunları nəzərə alaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı”.

N.Həmzəyev qeyd edib ki, bu, bizim haqq mübarizəmizdir və bütün beynəlxalq hüquq bizim tərəfimizdədir: “Tam haqqımız çatır ki, işğal altında olan torpaqlarımızı ermənilərdən və terrorçulardan azad edək. Unutmayaq ki, ermənilər bütün bu baş verənlərdən kifayətlənməyərək Liviyadan və digər münaqişə bölgələrindən erməni əsilli terrorçuları Azərbaycanın tarixi torpaqlarına, həmçinin qədim şəhərimiz Şuşaya yerləşdirirlər. Biz buna qətiyyən dözə bilmərik. Bu, təhqirlərə son verilməlidir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev televiziya ilə xalqa müraciət edərək ordumuzun yetəri gücə və qüvvəyə malik olduğunu, istənilən hücum əməliyyatını uğurla başa çatdıracağına əminliyini ifadə etdi: “Bu gün səhər bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimiz, eyni zamanda, hərbi mövqelərimiz atəşə tutulub. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər var, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaq. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür”.

Dövlət başçısı bizim mübarizəmizin haqq yolunda və haqlı olduğunu vurğuladı. Qarabağ Azərbaycandır dedi və qələbənin bizim olacağını söylədi.

Bütün xalq Ali Baş Komandanın ətrafında birləşib. Biz Ordumuza güvənirik, ehtiyatda olan yüz minlərlə zabit və əsgərimiz var.

Hər bir əli silah tutan Azərbaycan övladı hazırdır ki, dövlət başçısının bir əmri ilə ordu sıralarına qoşulsun və nəhayət ki, bu münaqişə öz həllini tapsın, işğal altında olan torpaqlarımız azad olunsun. Xalq, ordu, dövlət birliyi, Vətən uğrunda milli mücadilə sayəsində işğal olunan torpaqlarımız tezliklə düşmən tapdağından azad ediləcək, üçrəngli bayrağımız Şuşada dalğalanacaq.