Hikmət Hacıyev: “Ermənistan mülki Azərbaycan əhalisini hədəfə alır”

Ötən gün Ermənistan tərəfindən törədilən təxribatlara əks həmlə və əks hücumlar həyata keçirilib.
Oxu.Az-ın müxbiri xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, Azərbaycan Ordusu Ermənistan tərəfinin atəş məntəqələrini susdurub:

“Hazırda da qoşunların təmas xətti boyunca hərbi əməliyyatları davam etməkdədir. Görünən budur ki, Ermənistan Silahlı Qüvvələri çətin vəziyyətə düşdükdə və öz acizliklərini gördükdə mülki Azərbaycan əhalisini hədəfə alırlar. Ermənistanın hərbi doktorinasında Azərbaycan əhalisinin hədəfə alınması qəbul edilən taktikalardan biridir. Ümumiyyətlə Ermənistan Silahlı Qüvvələrinin döyüş hazırlığında qəbul olunan taktikalardan biri də təmas xəttinə və sərhəddə yerləşən ərazilərdə mülki Azərbaycan əhalisinin hədəfə alınmasıdır. Biz bunu 2016-cı ilin Aprel döyüşlərində, eyni zamanda Ermənistan-Azərbaycan münaqişəsinin 90-cı ilərin əvvəlində və ortalarında aktiv dövründə bunun şahidi olmuşuq.

Ötən gün cəbhə xəttindən xeyli aralıda yerləşən Naftalan rayonunun kəndlərindən birində Ermənistanın ağır artilleriyadan açdığı atəş nəticəsində bir ailənin beş üzvü həlak olub. Ölənlər içərisinədə iki azyaşlı uşaq var. Allahdan onlara rəhmət diləyirik”.

H.Hacıyevin sözlərinə görə, bu gün səhər saatlarından Ermənistan Silahlı Qüvvələri təmas xətti boyunca Azərbaycanın şəhərlərini atəşə tutmaqda davam edirlər.