Dezinformasiya effektsizdir !- “İnsanlarımız özlərini şüurlu aparırlar”

“Biz indi uğurlu hərbi əməliyyatlar keçiririk. Belə olan halda dezinformasiyalar öz təsirini itirir”

“Hər kəsin torpaqlarımızın azadlığı ideyası ətrafında birləşməsi çox yaxşıdır”



“Marş irəli, Azərbaycan əsgəri!”- Bu misralar indiki vəziyyətə tam uyğundur. Azərbaycan ordusu addım-addım irəliləyir, 30 ildir həsrət qaldığı torpaqlarımıza doğru gedir. Ölkə ictimaiyyəti qələbə xəbərlərini KİV-dən alır. Müxtəlif xəbər portalları, televiziyalar uğurlu hərbi əməliyyatlar barədə ictimiyyətə anban xəbər verir, xalqı sevindirir. Amma təəssüf ki, bu dar macalda dezinformasiya yayanlar, ictimai rəyi çaşdırmaq istəyənlər də az deyil.

 “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı bu barədə “Sherg.az”a danışıb:

 “Dezinformasiyalar həmişə olacaq. Bunun qarşısını almağın yeganə yolu həqiqəti tapıb çıxarmaqdır. Bəlkə, texniki imkanlarla da nələrsə etmək olar. Amma müvəqqəti. Biz indi uğurlu hərbi əməliyyatlar keçiririk. Belə olan halda dezinformasiyalar öz təsirini itirir”.

 E.Şıxlının fikrincə, əhalinin ruh yüksəkliyi ən pik həddədir: “Dünən gecə bir təhər “Facebook”a girə bildim. Hamı bir-birini təbrik edirdi. Bu, məni çox sevindirdi. Sadəcə bir nəfər itkilərimizin çox olduğunu yazdı. Başqa istifadəçilər də mədəni formada dərhal onu susdurdular. Başa saldılar ki, bu, müharibədir, bulvarda gəzinti deyil.

Və əgər döyüş gedirsə, əlbəttə, şəhid də olacaq. Otuz ildir müharibə istəyirdiksə, danışıqlar nəticə vermirdisə, şübhəsiz, əks-həmləyə keçməliyik. Həm də biz hücum etmədik, sadəcə düşmən təxribatlarına cavab verdik. Torpaqlarımızın bir hissəsini, o cümlədən yeddi kəndimizi artıq azad etmişik. İnsanlarımız özlərini şüurlu aparırlar. 50 partiyanın birləşərək birgə bəyanat yayması, hər kəsin torpaqlarımızın azadlığı ideyası ətrafında birləşməsi çox yaxşıdır.

Mən dünən bir videoya baxdım: əhali top dəyən yerdən çəkiliş aparır və gülə-gülə deyirdi ki, Şuşada, Kəlbəcərdə, Laçında görüşənədək. Bu, ruh yüksəkliyinin pik həddə olduğunu göstərir. Təkrar edirəm, belə olan halda dezinformasiya effektsizdir”.