Partiya sədrləri DANIŞIR: “Bu, vətən müharibəsidir, hamının ürəyindən gələn mübarizədir”

Pənah Hüseyn: “Bu, işğalçıya qarşı yekdillik nümunəsi, dövlətə və orduya dəstək addımıdır”

Əhməd Orucov: “Düşmən anlasın ki, Azərbaycan cəmiyyəti yekdildir”


 Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat verib. Bəyanatda  göstərilir ki, Ermənistanın geniş miqyaslı hərbi əməliyyatlara başlaması, mülki əhalinin yaşadığı kəndləri və infrastrukturları hədəf kimi seçərək ağır silahlarla bombalaması beynəlxalq hüquqa ziddir və qarşısı qətiyyətlə alınmalıdır. “Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni etdi, substantiv danışıqların qarşısını alır. Ermənistan Azərbaycanın qondarma “Dağlıq Qarabağ Respublikası” ilə müzakirə aparmasını istəyir. Ali Baş Komandan bunu qətiyyətlə rədd edir və  bu təkliflə ATƏT-in Minsk qrupu da razılaşmır”.- deyə, bildirilir.


 Yayılan birgə bəyanat barədə “Sherg.az”a danışan Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bunun zərurətdən doğduğunu dedi:

“Bildiyimə görə, sözügedən bəyanat YAP-ın təşəbbüsü idi. Mətnlə tanış olduqdan sonra hər birimiz razılıq verdik. Bu, işğalçıya qarşı yekdillik nümunəsi, dövlətə və orduya dəstək addımıdır”.



Azadlıq Partiyasının sədri Əhməd Orucov bəyanat barədə bunları dedi:

“Azərbaycan hakimiyyətini aktiv hərbi əməliyyatlar aparmadığına görə uzun illərdir,  ittiham edirik. İndi faktiki olaraq aktiv hərbi əməliyyatlar başlayıb. Odur ki, bütün siyasi partiyalar dövlətə və orduya dəstəyini bildirdi.

Qoy, işğalçıya qarşı mübarizə, torpaqlarımızın azad olunması istiqamətində Azərbaycan cəmiyyəti arasında fikir ayrılığının olmamasını xalq görsün.

Eyni zamanda düşmən anlasın ki, Azərbaycan cəmiyyəti yekdildir. Bu, vətən müharibəsidir, hamının ürəyindən gələn mübarizədir”.