Xalq artisti: ““Qarabağ şikəstəsi”ni Qarabağda ifa edəcəyim günü gözləyirəm”

Heç kimə sirr deyil ki, dünən cəbhədə baş verənlər xalqımızın Qarabağ həsrətini, qələbə əzmini bir daha oyadıb. Millətimiz sevinc göz yaşları ilə yaşananları izləyib.  İşğaldan azad olunan ərazilər Qarabağa addım-addım yaxınlaşdığımızın göstəricisi olaraq hər birimizi qələbəyə inandırıb. Xalqımız daim dövlətimizin və ordumuzun yanında olduğunu nümayiş etdirib, etdirir. Sosial şəbəkələri, küçələri aylı ulduzlu şanlı bayrağımızla bəzəyən millətimiz, cəbhədə yağış kimi mərmi yağdıran igidlərimiz  düşmənin canına növbəti dəfə qorxu salıb.
Şübhəsiz ki, qəlbimizdə doğan ümid günəşi şəfəqlərini Qarabağda saçmağa hazırlanır.

Bu tarixi günlərlə bağlı “Sherg.az”a danışan xalq artisti Mənsum İbrahimov da belə düşünür. Xanəndə “Qarabağ şikəstəsi”ni məhz Qarabağda ifa edəcəyi günü səbirsizliklə gözləyir:

“30 ilə yaxındır, həsrətlə gözlədiyimiz gün dünən gəldi çatdı. Ali baş komandanımız əmr verdi, ordumuz hərəkətə keçdi. Düşmən bizim torpaqları işğal edib.

Buna baxmayaraq danışıqlarla çıxmaq fikri yox idi. Bütün dünya təşkilatlarında söhbətlərimizin, danışıqlarımızın bir nəticəsi olmadı. Həmişə başımızın altına “yastıq” qoydular.

Beləliklə, 30 ilə yaxın vaxt keçdi. Xalqımızın da dövlətimizin də səbri tükəndi. Dünən bu qərar verildi. Gördüyünüz kimi bir neçə saat ərzində yaşayış məntəqələrimiz işğaldan azad olundu.

İnanıram ki, tezliklə bayrağımız Şuşamızda dalğalanacaq. O günü gözləyirəm. Yeri gəlmişkən qarşıdan 60 illik yubileyim gəlir.

Dağlıq Qarabağda “Qarabağ şikəstəsi”ni oxumağım mənim üçün ən böyük həddiyyə olar. Ali Baş Komandanımızın rəhbərliyi ilə Şuşamıza, Ağdamımıza, Laçınımıza gedəcəyik. İnanıram ki ordumuz tezliklə qələbə xəbərini çatdıracaq.

Xalqımızla zəfər bayramını qeyd edəcəyik. Çünki biz haqlıyıq. Torpağımız işğal olunub. Heç kimin torpağında gözümüz yoxdur.

Torpağımızı işğaldan azad edirik. Torpağımızdan erməni əsgərlərini çıxartmağa çalışırıq. Bu, Azərbaycanın hüququdur və öz hüququndan istifadə edir”.