Çek tələb edin, 10 faizi geri alın

"Vergi orqanlarının nəzarəti gücləndirilməlidir"

"2019-cu ildə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdə şəffaflığın artırılması üçün ƏDV-nin bir hissəsinin alıcılara qaytarılması məsələsi də öz əksini tapıb. Texniki məsələlər tamamlandıqdan sonra 2020-ci ilin mart ayında Nazirlər Kabinetinin qərarı və aprel ayında ƏDV-nin geri qaytarılması ilə bağlı portalının işə düşməsi ilə bu prosesə başlanılıb.

Qaydalara görə, hər hansı alıcı iri supermarketlərin, mağazaların, həmçinin ictimai iaşə obyektlərinin – kafe və restoranların xidmətlərindən istifadə edən zaman nağd şəkildə ödəniş etdikdə ona kassa çeki verilməlidir. Həmin çekin məlumatlarını isə portalda yerləşdirməlidir. 30 gün ərzində istehlakçının müraciətinə əsasən, ödədiyi nağd vəsaitdən ƏDV-nin 10 faizi həmin şəxsə geri qaytarılır. Amma alıcılar kassa çeklərinin əldə olunmasında bir sıra çətinliklərlə üzləşirlər". 

Bu sözləri  “Konstitusiya” Araşdırmalar Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyev "Şərq"ə açıqlamasında deyib. O bildirib ki, alıcıların çoxu ƏDV ödəyiciləri olan satış məntəqələrini, mağazaları və ictimai-iaşə obyektlərini müəyyənləşdirə bilmirlər:

"Əgər çekin üzərində ayrıca ƏDV göstərilirsə, bu həmin müəssisənin ƏDV ödəyicisi olduğunu göstərir. Bəzən istehlakçılara əvvəldən alınmış köhnə və real rejimdə vergi xidməti şəbəkəsinə qoşulmayan kassaların çekləri verilir ki, onlar bu çeklərdəki məlumatları portala yükləməkdə çətinlik çəkirlər. Çox zaman isə kod göstərilmir. Bununla da, əlavə dəyər vergisini geri qaytarmaq mümkün olmur. Buna görə də vətəndaşdan tələb olunur ki, alqı-satqı həyata keçirərkən hər şeydən öncə ödəniş qəbzini tam həcmində alsınlar.

Bununla, onlar həm dəyər vergisini geri, həm də  satış müəssisələrinin vergidən yayınmasının qarşısını ala bilərlər. Vergi orqanlarının nəzarəti də gücləndirilməlidir. Məsələn, mobiltətbiq proqramlarını tətbiq etmək olar. Elə proqram təminatı yaratmaq olar ki, vətəndaşlar alarkən birbaşa onların özündə də qeydə alınsın. Hər halda indiki mexanizm ondan ibarətdir ki, hər bir vətəndaş özü çeki tələb etməlidir. Heç bir satış nöqtəsi bundan imtina edə bilməz". 

Ə.Nuriyev qeyd edib ki, vergi orqanları da bu prosesə nəzarəti gücləndirməlidir:

"Vergi ödənişlərinin qəbzlərinin verilməsi barədə müntəzəm olaraq yoxlamalar keçirilməlidir.  Əlbəttə ki, gələcəkdə bunun elektronlaşmasına ehtiyac var. Hazırda müəyyən elektronlaşma proqramları var. Sadəcə bu, vətəndaş üçün bir az mürəkkəblik yaradır. Eyni zamanda, bəzi hallarda ödəniş çeklərini alırıq, amma bir həftədən sonra artıq yazıları ordan  tapmaq mümkün olmur. Bu da vətəndaşlarda bir az məyusluq yaradır. Həmçinin, bəzi vergilərin tam ödənilməməsinə də gətirib çıxarır. Hesab edirəm ki, vətəndaşların işini rahatlaşdırmaq lazımdır. Bunun nəticəsində satış müəssisələri fırıldağa, dələduzluğa və gizlətmə hallarına yol verməyəcək. Düşünürəm ki, İnzibati Xətalar Məcəlləsində məhz bu məsələ ilə bağlı müvafiq dəyişikliklər edilməlidir".