"Biz öz torpaqlarımızda döyüşürük"

Deputat bildirib ki, xalqımız tezliklə işğal olunmuş ərazilərimizin azad edilməsini istəyir

“Azərbaycan xalqı vahid mövqedən çıxış edir. Ölkənin bütün siyasi qüvvələri Ali Baş Komandanın əmrini gözləyir”. 
Bu sözləri “Şərq”ə açıqlamasında millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib. Deputat bildirib ki, xalqımız tezliklə işğal olunmuş ərazilərimizin azad edilməsini istəyir:

“Beynəlxalq hüquq normalarının bərqərar olmasına çalışırıq. Əslində hazırda Azərbaycanın Silahlı Qüvvələri sülh əməliyyatları keçirir. Ermənistanı bu üsulla sülhə məcbur edirik. Məqsədimiz bölgədə qalıcı stabilliyi və inkişafı bərpa etməkdir.

Bunun qarşısında Ermənistanın təcavüzkar siyasəti və təxribatları durur. Ermənilər faşist mahiyyətlərindən irəli gələrək mütəmadi təxribata əl atır, mülki şəxsləri hədəf seçir, uşaqları, qadınları qətlə yetirirlər. Bu, öz-özlüyündə insanlığa qarşı cinayətdir, Cenevrə Konvensiyasının tapdanmasıdır.

Amma Ermənistan çəkinmədən bunu edir, çünki arxasında bəlli qüvvələr var. Həmin güclər 30 ilə yaxındır Ermənistanın işğalçılıq siyasətini dəstəkləyir. Bütün beynəlxalq təşkilatlar öz zəifliyini göstəriblər və üzərlərinə düşən missiyanı icra edə bilməyiblər. İşğalçıya qarşı heç bir sanksiya qəbul olunmayıb”. 

Partiya rəhbəri vurğulayıb ki, xalqımız yekdilliklə Ali Baş Komandanın və Ordumuzun yanındadır:

“Biz öz torpaqlarımızda döyüşürük. Başqa ölkənin ərazisində gözümüz yoxdur. Məqsədimiz uzun müddətdir işğal altında olan torpaqlarımızı azad etmək və vətəndaşlarımızı öz yurdlarına qaytarmaqdır”.