Moldova portalı: “Qarabağ Azərbaycandır!”

Moldovanın nüfuzlu “Tribuna.md” portalı Ermənistan ordusunun təxribatları ilə əlaqədar AZƏRTAC-a istinadla Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan xalqına müraciətində əksini tapan fikirlərini dərc edib.

Moldovalı jurnalist məqaləsində Prezident İlham Əliyevdən sitatlar gətirərək yazır: “Son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter almışdır. Heç kəsə sirr deyil ki, ilk atəşi, o cümlədən artilleriya atəşini Ermənistan açıbdır və ilk həlak olanlar da məhz Azərbaycan hərbçiləri olmuşdur. Azərbaycan düşmənə layiqli cavabını verdi və düşmən bir santimetr irəliyə gedə bilmədi. Düşmən dayandırıldı, ölkəmizin ərazi bütövlüyü qorundu. Sarsıdıcı zərbələr nəticəsində Ermənistan tərəfi məcbur olub acı məğlubiyyətlə razılaşdı. Mən bu barədə demişəm, bir daha demək istəyirəm, əgər bizim istəyimiz olsaydı, hərbi döyüşləri Ermənistan ərazisinə keçirə bilərdik. Ancaq bizim Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur və belə olan halda bir neçə gündən sonra atəş dayandırılmışdır”.

Məqalədə müəllif Azərbaycan Prezidentinin fikirlərinə istinadla qeyd edir ki, Azərbaycan torpaqlarının işğalı Ermənistan hakimiyyətinin planındadır və onlar bunu gizlətmirlər: “Onların hərbi-siyasi rəhbərliyi Azərbaycanı yeni işğalla hədələməyə çalışırdı, yeni ərazilər uğrunda yeni işğal siyasəti. Budur, bu gün Ermənistan hərbi-siyasi rəhbərliyinin siyasəti. Digər səbəb Ermənistanda mövcud olan çox ciddi sosial, iqtisadi və siyasi məsələlərdən ölkə əhalisinin fikrini yayındırmaq və Azərbaycandan düşmən obrazı yaratmaqdır. Daha bir səbəb isə ondan ibarətdir ki, Ermənistan hər vəchlə çalışır ki, danışıqlar prosesi pozulsun və deyə bilərəm ki, buna nail olub. Məhz Ermənistanın riyakar, qeyri-konstruktiv və yalançı siyasəti nəticəsində hazırda danışıqlar faktiki olaraq dayanıbdır. Növbəti təxribatın törədilməsi məhz bu məqsədləri güdür və bu məqsədlər onlar üçün əsas məqsədlərdir”.

Müəllif Prezident İlham Əliyevin xalqa müraciətinin bütün tezisləri barədə geniş məlumat verib və yazını dövlətimizin başçımızın bu fikirləri ilə yekunlaşdırıb: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.