Mink qrupu arxivə getsin !- “Yeni obyektiv institut yaradılsın”

“Çünki ötən illər ərzində ATƏT-in Minsk qrupunun heç bir fəaliyyəti olmayıb”

“30 il ərzində yüzlərlə dinc sakinimiz erməni gülləsinin qurbanı olub. Buna şərait yaradan isə həmsədrlərin fəaliyyətsizliyi idi”

“Vasitəçilər sanki Ermənistanın timsalında regiona mina qoyublar”
 

“Türkiyə Dağlıq Qarabağdakı vəziyyətin həlli mexanizminə daxil edilməlidir. Bu, ATƏT-in Minsk qrupunun hazırkı tərkibindən daha faydalı olardı”. – deyə, Türkiyə parlamentinin millət vəkili Öztürk Yılmaz “RİA Novosti”yə bildirib.
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu heç bir funksiya yerinə yetirmir və ləğv edilməlidir.

“ATƏT-in Minsk qrupunu hansı mexanizm əvəz edə bilər - bunun müzakirə edilməsinə dəyər. Ancaq Türkiyənin iştirakı ilə istənilən mexanizm Türkiyəsiz bir mexanizmdən daha faydalı olardı”, - deyə o, sözlərini yekunlaşdırıb.

Türkiyəli millət vəkillərinin fikirləri barədə “Sherg.az”a münasibət bildirən deputat Məlahət İbrahimqızı bunu doğru hesab edir:

“Türkiyəli həmkarımızın dediklərini dəstəkləyirəm. Çünki ötən illər ərzində ATƏT-in Minsk qrupunun heç bir fəaliyyəti olmayıb. Nəticədə erməni təcavüzkarlığı artıb, işğalçılıq siyasəti güclənib, atəşkəs isə, bəlkə, milyonlarla dəfə pozulub. 30 il ərzində yüzlərlə dinc sakin erməni gülləsinin qurbanı olub. Buna şərait yaradan isə həmsədrlərin fəaliyyətsizliyi idi. Vasitəçilər sanki Ermənistanın timsalında regiona mina qoyublar. Ermənistan təkcə Azərbaycana yox, bütünlüklə regiona, həmçinin qardaş Türkiyəyə, onları müdafiə edən İrana da təhlükədirlər. Dediyim kimi, buna səbəb ATƏT-in Minsk qrupunun 30 il ərzində erməni təxribatlarına göz yumması, Azərbaycanı isə sülhə, danışıqlara çağırması, gəlib, kamera, mikrofon qarşısında danışıb getməsidir. Ona görə sözügedən qurum özü könüllü istefa verməli, arxivə getməli və yeni, tamamilə obyektiv üzvlərdən ibarət institut yaradılmalıdır”.

 M. İbrahimqızı, həmçinin bildirib ki, indi düşmənə “dur” deməyin vaxtıdır:

“30 il ərzində düşmənin büdcəsinin böyük əksəriyyəti silahlanmağa getdi. Onlar başa düşmədilər ki, ordunun gücü silahda yox, hərbçilərin ruhundadır. Bu gün Azərbaycan cəmiyyətində hərbi-vətənpərvərlik ruhu ən yüksək səviyyədədir. Artıq bıçaq sümüyə dirənib. Tovuz hadisələrindən üzü bu günə hər gün təxribatlar törədilir. İtkilərimizə görə isə ATƏT-in Minsk qrupu məsuliyyət daşıyır. Beynəlxalq qurumlar vaxtı ilə qəbul etdikləri sənədləri indi zəhmət çəkib, müdafiə etsinlər. Bu gün həmin təsisata heç kim inanmır. İndi qeyrət, şərəf, namus vaxtıdır. Kimdənsə kömək gözləməməliyik. Özümüz özümüz inanmalı, göydə Allaha, yerdə Ali Baş Komandana güvənməliyik”.