Moskvadan ermənilərə zərbə: Qarabağ mövzusu siyahıdan çıxarıldı

Erməni filmi Moskva Beynəlxalq Kino Festivalının proqramından çıxarılıb.
Lent.az məlumat verir ki, bu barədə Azərbaycanın Mədəniyyət Nazirliyinin rəsmi sosial şəbəkə hesabında bildirilib. Qeyd edilib ki, 1-8 oktyabr 2020-ci il tarixində keçiriləcək 42-ci Moskva Beynəlxalq Kino Festivalının “Dünyadan filmlər” adlı müsabiqədənkənar proqramına erməni rejissor Civan Avetisyanın “Cənnətin qapısı” (“Gate to heaven”) adlı bədii filmi də daxil edilib.

ABŞ, Fransa, İtaliya, Çexiya, Bolqarıstan, Almaniya və Litvadan da kinematoqrafçıların da cəlb olunduğu bildirilən filmdə erməni rejissor, öz ənənəvi xislətlərinə sadiq qalaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi saxtakarlıq və yalan üzərində qurulan bir kinosüjeti tamaşaçılara təqdim edir. Hadisələri Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisində cərəyan edən filmin yaradıcıları bununla bir daha kinematoqrafdan məqsədli şəkildə təbliğat müharibəsində alət kimi yararlandıqlarını göstərirlər. Erməni tərəfi əvvəllər də bu qəbildən filmlər çəkərək, xaricdəki lobbisinin dəstəyi ilə müxtəlif ölkələrdə nümayiş etdirmişdir.
Sözügedən ekran əsərinin Moskva Beynəlxalq Kino Festivalının müsabiqədənkənar proqramına daxil edilməsi ilə bağlı məlumatlar yayılandan sonra Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən müvafiq addımlar atılmışdır. Nəticədə ermənilərin mənfur hərəkətlərinə qarşı vaxtında tədbirlər görülmüş və “Cənnətin qapısı” filminin Moskva Beynəlxalq Kino Festivalının “Dünyadan filmlər” proqramından çıxarıldığı, eləcə də festivalın rəsmi saytından silindiyi ilə bağlı festivalın rəhbərliyi tərəfindən nazirliyə rəsmi müraciət daxil olmuşdur.

Eyni zamanda, onu qeyd etmək istərdik ki, Azərbaycan rejissoru İsmayıl Səfərlinin “Balıqçı qızı” bədii filmi bu il 42-ci Moskva Beynəlxalq Kino Festivalının əsas proqramına salınmışdır və festivalda ölkəmizi təmsil edəcək.