Mirmahmud Mirəlioğlu: “İndi biz hamımız vətəndaşıq, Azərbaycan əsgəriyik. Prezident İlham Əliyev hamımızın ali baş komandanıdır”
Tural Abbaslı: “Azərbaycanda bütün siyasi fəaliyyət, enerji torpaqların azad olunmasına yönəlməlidir”
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat verib. Bəyanatda göstərilir ki, Ermənistanın geniş miqyaslı hərbi əməliyyatlara başlaması, mülki əhalinin yaşadığı kəndləri və infrastrukturları hədəf kimi seçərək ağır silahlarla bombalaması beynəlxalq hüquqa ziddir və qarşısı qətiyyətlə alınmalıdır. “Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edir, substantiv danışıqların qarşısını alır. Ermənistan Azərbaycanın qondarma “Dağlıq Qarabağ Respublikası” ilə müzakirə aparmasını istəyir. Ali Baş Komandan bunu qətiyyətlə rədd edir və bu təkliflə ATƏT-in Minsk qrupu da razılaşmır”.- deyə, bildirilir.
Yayılan birgə bəyanat barədə “Sherg.az”a danışan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bunun vətəndaşlıq borcu olduğu qənaətindədir:
“Ordumuz irəliləyir. İndi yalnız düşmən gözləmə mövqeyində ola bilər. Belə bir şəraitdə Azərbaycanda bütün siyasi fəaliyyət, enerji torpaqların azad olunmasına yönəlməlidir”.
“Ağ Partiya” sədri Tural Abbaslı isə deyib ki, belə bir təşəbbüs təkcə Azərbaycan cəmiyyətinə yox, həm də dünyaya mesajdır:
“Bu gün ölkədə 50-dən çox siyasi təşkilat var. Zaman-zaman onlar müxtəlif siyasi birliklər yaradıblar. Amma heç vaxt belə mütəşəkillik olmayıb. Bizi vətən birləşdirdi. Azərbaycan cəmiyyəti, o cümlədən siyasət aləmi Qarabağ ətrafında bir araya gəldi.
Bu, Azərbaycan xalqının vətənə nə qədər bağlı olduğunun göstəricisidir. İndi siyasi mənsubiyyətindən asılı olmayaraq, hər kəs dövlətçilik məsuliyyətini başa düşür.
İkinci bir tərəfdən isə biz dünya birliyi qarşısında vahidliyimizi nümayiş etdirdik. İcazə vermərik ki, kimsə daxildəki siyasi vəziyyətə görə Qarabağ məsələsindən sui-istifadə etsin.
Biz həm də cəmiyyətə mesaj verdik ki, milli məsələdə iqtidar - müxalifət rəqabəti yoxdur. İndi biz hamımız vətəndaşıq, Azərbaycan əsgəriyik. Prezident İlham Əliyev hamımızın ali baş komandanıdır.
Eyni ilə hərb sistemindəki kimi qərarları müzakirə yox, qəbul etməliyik. Tezliklə tarixi qələbəni görəcəyimizə inanıram. Yalnız bundan sonra bizim siyasi partiyalar arasında rəqabət bərpa ediləcək”.