“Xalqımız həm həyəcanlı, həm də qürurverici günlərini yaşayır”

“Bütün hərbi hissələrimizdə və hərbi birləşmələrimizdə ruh yüksəkliyi var”

“Ordumuza könüllü yazılanların sayı on minlərlə insanı əhatə edir. Bu, xalqımızın öz dövlətinə sadiqliyini göstərir”


Ordumuzun bugünkü döyüş əzmi millətimizə, vətənə sevginin təzahürüdür. Cənab Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bir daha bəyan etdi ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır, bizim milli məsələmizdir. Rəsmi Bakı ən yüksək tribunalardan Azərbaycanın dəyişməz mövqeyini qətiyyətlə bəyan edir: Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola bilməz. Xalqımız öz iradəsini ortaya qoyaraq, Ali Baş Komandanın əmrini hər an gözləyirdi. Xalqımız tam əmindir ki, Azərbaycan Ordusunun gücü, qüdrəti nəticəsində Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapacaq. Xalq-iqtidar birliyi fonunda hər bir çətinlik dəf edilir, qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olunur.

Proseslərə dair fikirlərini “Sherg.az”la bölüşən millət vəkili Soltan Məmmədov bildirib ki, torpaqlarımızın müdafiə olunması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, reallaşdırılan işlər müsbət nəticəsini göstərir:

 
“Bu gün böyük inam və qətiyyətlə bildiririk ki, ordumuzun döyüş ruhu, hazırlıq səviyyəsi düşmənə cavab verməyə, ona qalib gəlməyə yetərlidir. Əsgərlərimizin mənəvi-psixoloji durumu, ruh yüksəkliyi, vətənpərvərliyi də ən yüksək səviyyədədir. 

Silahlı Qüvvələrimizin şəxsi heyəti istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Azərbaycan insanı özünü məğlub deyil, hər an qələbəyə doğru addımlayan qüdrətli bir dövlətin vətəndaşı hesab edir”.

Parlament üzvü qeyd edib ki, Azərbaycan xalqı bu gün həm həyəcanlı, həm də qürurverici günlərini yaşayır:

“Cəbhə bölgəsində Azərbaycanın ərazilərini qoruyan, ölkəmizin təhlükəsizliyinin keşiyində dayanan ordumuz var. Xalqla ordunun birliyi həm xalqın, həm ölkənin qüdrətini artırır. Cənab Prezidentin də qeyd etdiyi kimi, bütün hərbi hissələrimizdə və hərbi birləşmələrimizdə ruh yüksəkliyi var. Eyni zamanda ordumuza könüllü yazılanların sayı on minlərlə insanı əhatə edir. Bu, xalqımızın öz dövlətinə sadiqliyini göstərir”.