Prezident: “Azərbaycan BMT-yə iki dəfə könüllü milli hesabat təqdim edən azsaylı ölkələrdən biridir”

“Azərbaycan BMT-yə iki dəfə könüllü milli hesabat təqdim edən azsaylı ölkələrdən biridir”.
APA xəbər verir ki, bunu Prezident İlham Əliyev “COVID-19 dövrü və sonrakı dönəmdə Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyinin maliyyələşdirilməsi” mövzusunda dövlət və hökumət başçılarının toplantısında videoformatda çıxışında deyib.

Dövlətimizin başçısı bildirib ki, Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edib.

“Son 17 il ərzində ümumi daxili məhsul 3 dəfə artmışdır. Azərbaycanda yoxsulluq son 17 il ərzində 49 faizdən 5 faizə enmişdir.

Azərbaycanın xarici dövlət borcu dünyada ən aşağı səviyyələrdədir, ümumi daxili məhsulun təqribən 20 faizini təşkil edir. Bu göstəriciyə görə Azərbaycan dünyada 9-cu yerdədir. Neft ixrac edən dövlətlər arasında ən az xarici dövlət borcu olan Azərbaycandır.

Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcundan 6 dəfə çoxdur.

Son 17 ildə Azərbaycanın iqtisadiyyatına 260 milyard dollardan çox sərmayə yatırılmışdır. Beynəlxalq Valyuta Fondunun statistikasına görə, hazırda Azərbaycan iqtisadiyyatı alıcılıq qabiliyyəti paritetinə görə Cənubi Qafqaz regionunun ümumi iqtisadiyyatının 70 faizini təşkil edir”, - Azərbaycan Prezidenti bildirib.