Pandemiya bitməyib!   – “Özmüzü qorumaq üçün məsuliyyətli olmalıyıq”

İki gündür ki, ölkəmizdə koronavirusa yoluxanların sayında azalma müşahidə olunur.  Dünən 38, bu gün isə 58 nəfərdə yoluxma faktı qeyd alınıb. Buna baxmayaraq vətəndaşların maksimum diqqətli olması lazımdır. Çünki Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)  SOS siqnalı verərək virusun ikinci dalğasının olacağı ehtimalına dair dünya ölkələrinə xəbərdarlıqlar edir.

Hər birimizin ən başçlıca vəzifəsi virusun yayılmasına, yeni yoluxma nöqtələrinin yaranmasına imkan verməməkdir. Bu baxımdan vətəndaşların maksimum dərəcədə məsuliyyətli olması vacibdir. Amma bəzi vətəndaşların mövcud təhlükəni aydın təsəvvür edə bilməməsi, özünün və ailəsinin sağlamlığına laqeyd münasibətini görürük. 

“Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyinin sədri Fikrət Xəlilov “Sherg.az”a açıqlamasında bildirib ki, koronavirus ümumilli məsələdir və bu ağır dönəmdə cəmiyyət və dövlət bir olmalıdır:

“Əks halda biz sərt karantin rejimindən  hələ uzun müddət çıxa bilməyəcəyik. Dünyada COVİD -19 infeksiyasına qarşı peyvənd icad edilənə qədər tövsiyyə olunan qaydalara əməl edilməlidir.

Maskadan istifadə, sosial məsafə, şəxsi gigiyena və ətraf mühitin qorunması kimi tövsiyyələrə əməl etməklə tez bir zamanda karantin rejimindən çıxa və əvvəlki həyat tempinə qayıda bilərik.

Müşahidələrimizə görə Azərbaycanda hələ də qoyulan sadə qaydalara əməl etməyənlər var.

Bir daha təkrarlamaq istərdim ki, birlik nümayiş etdirilməlidir. Dövlətin qoyduğu qaydalara şərtsiz əməl edilməlidir.

Özümüzü və yaxınlarımızı qorumaq üçün məsuliyyətli olmalıyıq. Yoluxma sayının azalması o demək deyil ki, xəstəlik bitib”.