"Ağlayan deyiləm, amma bu dəfə dözmədim"

Allaha yalvarıram ki, dayanmayaq, durmayaq. Çünki bizi dəfələrlə aldadıblar

Mövlud Süleymanlı: "İndi hərə bir tərəfdən minnətçi düşəcək ki, atəşi dayandırın"


Vətən sevgisi, yurd yerlərimizin erməni tapdağından təmizlənməsi xəbərləri hər kəsi göz yaşlarına boğur. 3 gündür kiminlə həmsöhbət oluruqsa, torpaqlarımızın işğaldan azad edilməsinə başlanması xəbərlərini göz yaşları içində dinlədiklərini, ürəklərinin çırpındığını deyirlər. Xalq yazıçısı, Əməkdar incəsənət xadimi Mövlud Süleymanlı da sözünün əvvəlindəcə “sevincdən içim dağılırdı az qala” söylədi.  Mövlud müəllimdən adətə uyğun “necəsiniz?” soruşdum, “yaxşıyam” dedi. Bəlkə də sualı bu şəkildə qoymamalıydım. Etiraf etdim, o da əsl ağsaqqallara xas tərzdə üstünü vurmadı, tənə etmədi: 
- Bildim, hansı mənada, nəyi nəzərdə tutub soruşursunuz. Ona görə mən də xüsusi tonla “Yaxşıyam!” dedim. Başqa necə olmalıyam?!. Ordumuz hücuma keçib, torpaqlarımızı qarış-qarış azad edirlər. 30 ildir bu günü gözləyirik. Əlbəttə, yaxşı, yaxşı nədi, lap əlayam! 

- Təxmin edirəm, kövrəlmisiniz... 

- Kövrəlmək nədi ki! İçim dağılırdı az qala. Ayaq üstə can verirdim elə bil. Bilmirdim neyləyim, indi də düşünürəm, 82 yaşında adam neyləyə bilər? Cəbhəyə getmək istəyirəm. Cəbhəyə can atıram... 

- Xəbəri nə zaman aldınız? 

-  Şamaxı tərəfdə idim. Yolda eşitdim.  Onsuz da çox narahat idim. Ancaq hönkürürdüm... Ağlayan deyiləm. Bu dəfə dözmədim. And içməyi sevmirəm. Ancaq and olsun yazdıqlarıma ki, hönkürtümü saxlaya bilmədim... Əsgərlərimizin aldığı Murov dağı içimdə boy atdı. Elə bil ürəyimdə dağ yarandı... Ölməyi bacaran xalq həmişə güclüdü. Çünki ölməyi bacaran öldürməyi də bacarır. Bizim əsgərlərimiz, Ordumuz bunu sübut etdi. Biz ölməyi də bacarırıq, öldürməyi də. Ermənilər ölümdən qaçandı. Biz ölümün üstünə yeriyən. Bilirsiz, mən Qərbi Azərbaycan torpağında doğulmuşam, orada boy atıb böyümüşəm. Ermənilərin arasında olmuşuq, biz onların xüsusiyyətlərinə bələdik. Onlar elə vəziyyət yaratmışdılar ki, azərbaycanlı kəndləri erməni kəndlərinin arasında qalmışdı. Çalışırdılar ki, bizim kəndləri erməni kəndləri ilə əhatələsinlər. Bizim kənd də erməni mühasirəsində idi. 

- Mövlud müəllim, yeri gəlmişkən soruşum, kəndinizin adı nəydi? 

- Bizim kəndin adının maraqlı etimologiyası var. Cücə deyirdilər adına. Amma bu, bildiyimiz toyuq cücəsi deyil. Qədim türk kökənli yücə - uca, yüksək mənasındadı. Səhv etmirəmsə, olar, birdən yadımdan çıxar, rəhmətlik Ziya Bünyadov araşdırmalarında yazıb ki, Cücə - əslində Cuci sözündəndi, bu da monqol-tatarlardan, Çingiz xan soyundan gələn addı. Amma mən bununla razılaşmıram və daha çox uca - yüce sözünün üzərində dayanıram. Bizim el-obanın adı isə Qaraxaç olub. Mənim fikrimcə, Qaraxaçın, bildiyimiz xaçla heç bir əlaqəsi yoxdur. Əslində Karakas – dı. “Kaspi” sözündən gəlmə. Bəlkə də Qara-qaşdı? Belə incəliklər var. Bunlar hamısı araşdırma mövzularıdı. Bizim kəndin yaxılnlığında ermənilər yaşayan kənd – Şahnəzər yerləşirdi. Danışırdılar ki, 150 il əvvəl bir erməni gəlib kəndin ağsaqqallarından icazə alıb ki, tayfamız bura yerləşsin, burda yurd salaq, sizin təsərrüfatınızda işləyərik. Bizimkilər də razı olublar ki, qoy gəlsinlər, bizə neyləyəsidlər, gəlib işləyəcəklər. Elə o vaxt da biz görürdük ki, bunlar hər şeyə göz dikirlər. Getdikcə daha çox ərazi, torpaq, əkin sahələri əldə etməyə çalışırlar. Su nədi, bulaq idi, axıb gəlirdi, ona da göz dikirdilər, çalışırdılar ki, önünü kəssinlər, öz sahələrinə, onlar tərəfə axsın. Amma maraqlı həm də budu ki, məsələn, mən uşaq olanda ermənilər özlərinə “hay” deyirdilər, soruşanda, deyirdilər, erməni deyilik, hayıq. Amma mən, yaşıdlarım artıq böyüdükdə, onlar dəyişmişdilər, özlərini erməni adlandırırdılar və onlarda türk düşmənçiliyi baş qaldırmışdı. Erməni tarixçisinin özü, indi adını yadıma sala bilmirəm, amma əsərini oxumuşam, yazır ki, “Balkanlarla Qafqaz arasında bir qaraçı tayfası qaldı”. Qarabağda 18-ci əsrin əvvəllərində tək-tük erməni adı çəkilərdi. Məlum məsələdi ki, ermənilər Qafqaza gəlmədir. Onlarda heç qafqazlı xüsusiyyəti yoxdur. Qeyrət, namus, igidlik, cəsarət, kişilik, ailə namusu, Vətən təəssübü, torpağa bağlılıq... Qafqazlı xüsusiyyəti budu. Ermənilərin torpaq iddiası xəstə təxəyyülə söykənir: “Hər yer bizimdi”. Onlar torpağı qorumurlar, torpaq qoparmağa çalışırlar. 

- Yəqin xəbərləri izləyirsiniz? 

- Əlbəttə, artıq Bakıdayam. Yenə ağlaya-ağlaya baxıram. Öz ölümüylə məni inandıran Azərbaycan əsgərinin qarşısında baş əyirəm. Arzum budu ki, dayanmayaq, irəliləyək. Yenə hər tərəfdən səs-küy başlayacaq. Hərə bir tərəfdən minnətçi düşəcək ki, atəşi dayandırın. Allaha yalvarıram ki, dayanmayaq, durmayaq. Çünki bizi dəfələrlə aldadıblar. Bu dəfə aldanmayaq, inanmayaq. Yenə deyirəm, bu dünyada türk milləti  kimi ölməyi bacaran ikinci bir millət yoxdu. Ölməyi bacarırsa, sağ qalmağı da bacarır... Gözümüz görə-görə Xocalı qətliamı etdilər. Biz bundan istifadə etməliyik, dünyaya bağırmalıyıq ki, bizim  günahsız insanlarımızı, qadınları, körpələri erməni vəhşiləri qətlə yetirib. Biz o dərsi gərək unutmayaq. Mübarizəmizi davam etdirək. Mənim bir dənə də arzum var; düzdür, ən böyük arzumuz, ən əsas məqsədimiz Qarabağdı. Qarabağ bizim ən gözəl yurdumuzdu. Hər baxımdan, istər təbiəti, istər mədəniyyəti, bizim üçün əvəzi olmayan dəyərdi. Amma bizim başqa yurd yerlərimiz də var – Zəngəzur, Göyçə, Dərələyəz... Gərək o yurd yerlərini də ermənilərin burnundan gətirək. 

- Mövlud müəllim, Xocalı soyqırımını xatırlatdınız. İndi də ermənilər daha çox mülki əhalini hədəf alır. Tərtərdə məhkəmə binası, polis idarəsi, yaşayış binalarını, təcili tibbi yardım maşınını vurublar. Cəbhədəki məğlubiyyətlərinin acısını dinc əhalidən çıxmağa çalışırlar... 

- Bunu ancaq erməni edər. Belə şey olarmı?! Bunların Allahı yoxdur! Nə olar, hərə  bir dinə qulluq edir, amma Allah birdir, hamının Allahıdı. Amma bunların dini var, Allahı yoxdu! Bilə-bilə ki, orda əhali yaşayır, xəstəxanadı, inzibati binadı, məhz oranı nişan alırlar. Erməni siyasəti həmişə belə olub. Biz onları artıq tanıyırıq. Ayıq olmalıyıq. Səhvlərə yol verməməliyik. 

- Son günlər efiri nə dərəcədə izləyirsiniz? Efirlərimizdə müsbət irəliləyişlər var. İstər xəbər siyasətində, istərsə vətənpərvərlik təbliğatında. Çox yaxşı verilişlər hazırlanır, insanlarda ruh yüksəkliyi yaranır. 

- Mən də görürəm. Bu, çox yaxşıdı. Dəyərlərimizi nə olursa-olsun qorumalıyıq. Hələ gec başladıq. Vaxt vardı, keçmiş “Kommunist” küçəsində aşıq, saz görəndə, elə bil at görürdülər. Mənim bağrım çatlayırdı ki, necə ola bilər, xalq öz milli dəyərlərini, soy-kökünü unutsun, ona xor baxsın?!. O zaman da deyirdim, indi də deyirəm, nə vaxtkı xalqın qəlbində saza sevgi yaranacaq, biz əsl qələbəni o zaman əldə edəcəyik. Deyə bilərsiz ki, xalqımız onsuz da sazı sevir, bəli, sevir, amma içimizdə milli dəyərlərə xor baxanlar hələ də var. Hələ tam təmizlənməmişik. Çox şükür, ordumuz hücumdadı. Bu, bizim hamımızın qələbəsidi. Hələ darda qalan yurdlarımız var. İnşallah, onlar da azad olunacaq.