Ordumuz hücumdadır, həkimlərimiz yenə ön cəbhədədir

Adil Qeybulla: "Döyüş şəraitində həkiməqədərki yardım böyük əhəmiyyət daşıyır"


Döyüş şəraitində yaralılara yardım göstərilməsi müharibədə əsas məsələlərdən biridir. Qarabağ müharibəsində əsgərlərlə çiyin-çiyinə həkimlərimiz də mübarizə aparıb.

Yaralıların döyüş meydanından çıxarılması, onlara tibbi yardım göstərilməsi və həyata qaytarılması kimi ağır, lakin şərəfli bir vəzifə həkimlərin üzərinə düşüb.

Döyüşlərin qızğın vaxtında yaralıların xəstəxanalara aparılması mümkün olmadığı hallarda qəhrəman həkimlərimiz səhra hospitallarında, hərbi hissələrdə məhdud imkanlar daxilində yaradılmış tibb məntəqələrində yaralılara yardım edib, onların həyatlarını xilas ediblər.

Bu gün də Qarabağ qaziləri, müharibə veteranları həyatda qalmalarına görə həkimlərə minnətdar olduqlarını bildirirlər. Bu gün Azərbaycan Ordusu yenə hücumdadır və həkimlərimiz yenə xeyirxah missiyalarını davam etdirir. 

Azərbaycan Ordusunun əks-hücum həmlələri nəticəsində erməni tərəfi xeyli itkilər verib. Döyüş əməliyyatı zamanı yaralanan Azərbaycan əsgərləri isə yaxınlıqdakı xəstəxanalara yerləşidirilir və onlara lazımi tibbi xidmət göstərilir.

Məlumdur ki, müharibə şəraitində səhra hospitalları da böyük önəm daşıyır. Döyüşlərin qızğın vaxtında yaralıları mərkəzi xəstəxanalara aparmaq mümkün olmadıqda ilkin tibbi yardım göstərilməsi üçün səhra hospitallarından istifadə edilə bilər.

Əsas mövzuya keçməmiş qeyd edək ki, Azərbaycanda ilk səhra hospitalı 1991-ci ilin sonlarında Ağdamda yaradılmışdı. Hospital dəmiryolu relslərinin üzərində sanitar vaqonlarda qurulmuşdu.

Adı da “Ağdam hərbi səhra cərrahiyyə hospitalı” olub. Neçə-neçə yaralı əsgər bu hospitalın həkimləri sayəsində həyata qaytarılıb.

Lakin zaman irəli gedir və artıq 21-ci əsrdir. İndi Azərbaycan ordusu ən müasir, düşməni məhv etməyə qadir hər cür silahlara, hərbi texnikaya malik olduğu kimi, hərbi hospitalları əvəz edən mobil səhra hospitallarına malikdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2017-ci ilin avqustunda bu tip hospitallardan birinin – Mobil Cərrahiyyə Hospitalının imkanları ilə tanış olmuşdu.        
Mobil Hospitalın ən böyük üstünlüyü odur ki, gün ərzində 100-dən artıq xəstəyə  xidmət göstərmək gücündədir. 

Azərbaycan Dövlət Tibb Universitetinin professoru Adil Qeybulla “Şərq”ə açıqlamasında qeyd etdi ki, döyüş əməliyyatları zamanı yaralılar ilk növbədə yaxınlıqdakı tibb məntəqələrinə gətirilir, orada ilkin tibbi yardım göstərilir, sonra isə yaralının vəziyyətinə uyğun olaraq mərkəzi xəstəxanaya və yaxud hərbi hospitala göndərilir: 

- Döyüş şəraitində həkiməqədərki yardım böyük əhəmiyyət daşıyır. Birincisi, əsgərlərə ilkin tibbi yardımın əsasları öyrədilir. Əsgər elə bir şəraitdə ola bilər ki, özü yaralıdır, yaxud əsgər yoldaşı yaralanıb, amma yaxınlıqda həkim, tibb bacısı yoxdursa, tibb məntəqəsinə getmək imkanı da yoxdursa, özünə ilkin tibbi yardım göstərə bilsin.

Yaralıya yardım müxtəlif cür olur. Döyüş meydanında, atəş altında, ya da döyüş meydanından kənarda, yaxınlıqdakı tibb məntəqəsində. Yaralının xərəyə qoyulması, sınıq varsa, bunun nəzərə alınaraq yaralının xərəyə uzadılması qaydaları var.

Ən əsas məsələ qanaxmanı dayandırmaqdı. Bundan sonra yaralı yaxınlıqdakı tibb məntəqəsinə, səhra hospitalı varsa, ora aparılır və ona lazımi tibbi xidmət göstərilir. Bu, yaralının evakuasiyası adlanır.

Məsələn, II Dünya müharibəsində yaralıların evakuasiyası mərhələli şəkildə aparılırdı. Amma indi müasir vasitələr imkan verir ki, yaralı qısa müddət ərzində xəstəxanaya və ya hospitala çatdırılsın. Hətta yaralını sistem altında da hospitala aparmaq olar. Bundan başqa səyyar hospitallar da var. Azərbaycan Ordusu mobil cərrahiyyə hospitallarına sahibdir. 

A.Qeybulla qeyd etdi ki, hazırda Azərbaycan həkimləri əsgərlərimizin yanındadır və onlara hər cür tibbi xidmət göstərirlər: 

- Azərbaycan Tibb Universitetinin həkimləri Papanin hospitalında hazırda çalışır. Öz köməklərini əsirgəmirlər, əsgərlərimizin yanındadırlar. Biz – Azərbaycan Həkimləri İctimai Birliyi Prezidentə müraciət edərək bildiririk ki, dövlətimizin, Azərbaycan Ordusunun yanındayıq və istənilən nöqtəyə getməyə hazırıq.