Şəmistan Əlizamanlı efirə qayıdır - Cəbhə xəbərlərini səsləndirəcək ! 

Azərbaycanın ilk hərbi diktoru Şəmistan Əlizamanlı efirə qayıdır.
"Sherg.az" xəbər verir ki, sentyabrın 27-si səhər saatlarından erməni silahlı birləşmələrinin ordumuzun mövqelərini atəşə tutması, mülki əhali və mülki obyektlərə raket zərbələri endirməsinə cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı və qısa müddət ərzində Füzuli, Cəbrayıl rayonlarının bir neçə kəndini, həmçinin Murov zirvəsini ələ keçirdi.

Bu xəbərləri efirdən eşitmək xalqımıza əsl qələbə sevinci yaşatdı. Həmçinin, 1992-93-cü illər Qarabağ müharibəsinin qanlı günlərində səsindəki əzmlə efirdən xalqa inam aşılayan, hər dəfə cəbhə xəbərlərini çatdırıb bitirdikdə “Qələbə müjdəli sabahlaradək” deyən Şəmistan Əlizamanlı xatırlandı. Onu II Dünya Müharibəsində (SSRİ üçün Böyük Vətən Müharibəsi) müharibənin başlanmasını, 4 il sonra isə qələbə xəbərini sovet vətəndaşlarına çatdıran Yuri Levitanla müqayisə edirlər. Amma o bizim – Azərbaycanın Şəmistan Əlizamanlısıdı. Və biz onun səsiylə Azərbaycanın zəfər xəbərlərini eşitmək istəyirik. Aldığımız məlumata görə, Ş.Əlizamanlı Azərbaycan Dövlət Televiziyasına cəbhə xəbərlərini səsləndirmək üçün dəvət edilib. Bu gün axşam Ş.Əlizamanlı efirə qayıdır. Xalqımıza Qələbə müjdəsini vermək üçün. O xəbəri mütləq alacağıq! Səsinizə, ürəyinizə qüvvət, Şəmistan bəy!