Siyasi partiyaların MÖVQEYİ: “Qarabağ məsələsində fikir ayrılığına yer yoxdur”

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Ermənistan silahlı qüvvələrinin təxribatına dair birgə bəyanat verib. Bəyanatda  göstərilir ki, Ermənistanın genişmiqyaslı hərbi əməliyyatlara başlaması, mülki əhalinin yaşadığı kəndləri və infrastrukturları hədəf kimi seçərək ağır silahlarla bombalaması beynəlxalq hüquqa ziddir və qarşısı qətiyyətlə alınmalıdır. “Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edir, substantiv danışıqların qarşısını alır. Ermənistan Azərbaycanın qondarma “Dağlıq Qarabağ Respublikası” ilə müzakirə aparmasını istəyir. Ali Baş Komandan bunu qətiyyətlə rədd edir və  bu təkliflə ATƏT-in Minsk qrupu da razılaşmır”.- deyə, bildirilir.




 “Bu, siyasi güclərin vahid mövqeyidir”

 Yayılan birgə bəyanat barədə “Sherg.az”a danışan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bu təşəbbüsün əhəmiyyətindən danışdı:

“Türkiyədəki siyasi partiyalar da Dağlıq Qarabağ məsələsi ilə bağlı həm ayrı-ayrılıqda, həm də birgə bəyanat yaydılar. Əlbəttə, birgə bəyanat əhəmiyyətinə görə, qat-qat daha üstündür. Çünki ümumi rəyi ifadə edir. Nəzərə almaq lazımdır ki, haqqında danışdığımız birgə bəyanat siyasi güclərin vahid mövqeyidir”.



 “Beynəlxalq aləmə olan ismarıcdır”

ReAL partiyasının icraçı katibi Natiq Cəfərli isə düşünür ki, bu bəyanat nəinki indi, sabah üçün də əhəmiyyətlidir:

 “Dağlıq Qarabağ münaqişəsinin həlli iqtidar-müxalifət yox, dövlətin gələcəyi məsələsidir. Ona görə, bu məqamda heç bir fikir ayrılığına yer yoxdur. Biz görürük ki,  Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dövlət həm sözdə, həm də əməldə effektiv addımlar atır. Deməli, birgə bəyanat yaymaqla dövlətimizə, ordumuza dəstəyimizi ifadə edirik. Eyni zamanda daxili auditoriyaya mesaj veririk ki, belə taleyüklü məsələlərdə birik, həmrəyik. Ən vacibi isə beynəlxalq aləmə olan ismarıcdır. Heç kəsdə belə fikir yaranmamalıdır ki, hansısa müxalif partiyanın Dağlıq Qarabağ münaqişəsinə dair düşüncəsi fərqlidir. Əlbəttə, başqa məsələlərdə fikir ayrılıqları ola bilər. Lakin bu, Dağlıq Qarabağ məsələsində eyni mövqedən çıxış etməyimizə mane olmur. Bunu beynəlxalq ictimaiyyət də bilməlidir”.