Qazilər də hazırdırlar ! – “Etimad Əsədov adına batalyon yaradılır”

  “Keçmiş döyüşçülər də həmin batalyonda birləşmək istəyirlər”

“Bizim bircə yolumuz var- vətən, dövlət, xalq yolu”


Ehtiyatda olan mayor, hərbi mahnıların mahir ifaçısı Şəmistan Əlizamanlı “Vətən ocaq əmanəti, yurd əmanəti” deyəndə məhz bu günləri nəzərdə tutur. Vətənimizin bir hissəsi otuz ilə yaxındır tapdaq altındadır. Ordumuzun şücaəti sayəsində həmin torpaqlarımızın bir hissəsi artıq azad olunub. İndi Şuşaya, Kəlbəcərə, Laçına...qovuşacağımız günü səbirsizliklə gözləyirik. Bu inamı bizim hər birimizdə yaradan cəmiyyətimizdəki böyük ruh yüksəkliyidir.

Gənclərimiz, ehtiyatda olan hərbçilərimiz təkcə vətənin müdafiəsinə yox, həm də əks-hücum əməliyyatlarına, tarixi qələbənin hir hissəsi olmağa hazırdırlar.



 “Qarabağ qaziləri” İctimai Birliyinin sədri Asəf Əliyev də belələrindəndir. O,  hazırda davam edən genişmiqyaslı hərbi əməliyyatlar barədə “Sherg.az”a danışarkən ictimaiyyətimizdəki döyüş əhval-rihiyyəsini yüksək qiymətləndirdi: 

“Gənclərimizlə yanaşı, qazilərimiz də döyüşə hazırdırlar. Hər birimiz döyüş əmri gözləyirik. Şanlı Azərbaycan bayrağını Dağlıq Qarabağın mərkəzində dalğalandıracağımıza inanırıq. Məqsədimiz də, arzumuz da budur. Bizim bircə yolumuz var- vətən, dövlət, xalq yolu. Qazilərin xeyli hissəsi döyüş üçün artıq müvafiq qurumlara müraciət ediblər. Onlar hərbi paltar geyiniblər, döyüşə hazırdırlar. Mərhum baş qazimiz Etimad Əsədov adına qazilər batalyonu yaratmaq istəyirik. Bu istiqamətdə ilk addımları atmışıq. Keçmiş döyüşçülər də həmin batalyonda birləşmək istəyirlər. Belədə baş qazimizin ruhu şad olar. Biz də bilərik ki, nə isə etdik”.