“Prezident Ermənistanın təxribatçı siyasətini faktlarla ifşa etdi”

“Həmişə olduğu kimi, bu dəfə də faktlar qarşısında aciz qalan Nikol Paşinyan, gah nala, gah da mıxa vurdu. Nə deyə bilərdi axı?!”

“Sözsüz ki, ermənilər belə cılız, qeyri- ciddi, yalançı və riyakar dövlət başçıları olmasından xəcalət çəkirlər”



Dünən Prezident İlham Əliyev “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında müsahibə verib. Ölkə başçısı son günlər təmas xəttində baş verənlər barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırıb. Prezident İlham Əliyev Rusiya ictimaiyyətini Ermənistanın təxribatları, işğalçılıq və təcavüz siyasəti haqqında məlumatlandırıb. Prezident bu böyük platformadan məharətlə yararlanaraq Ermənistanın dinc əhaliyə qarşı müharibə apardığını, təcavüzkar ordunun əsas hədəfinin yaşayış məntəqələri və mülki əhali olduğunu nəzərə çatdırıb 

 Prezidentin çıxışını “Sherg.az”a şərh edən sabiq millət vəkili Çingiz Qənizadə bildirib ki, ölkə başçısı Rusiyanın aparıcı mediasında Türkiyənin maraqlarını qoruyub:

“Cənab Prezident bildirdi ki, Türkiyə Azərbaycanı, beynəlxalq hüququ müdafiə edir, eyni zamanda ölkəmizə mənəvi dəstək verir. Ermənistanın Azərbaycana hücum etməsini dünya ictimaiyyətinin bildiyi ilk saatdan etibarən Türkiyə dövlət başçısı və digər rəhbərlər səviyyəsində birmənalı olaraq Azərbaycanı və beynəlxalq hüququ dəstəkləyib.

Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan ərazisini işğalda saxlamaqla beynəlxalq hüququ kobud şəkildə pozur. Türkiyənin rolu əslində məhz bundan ibarətdir, başqa heç bir rolu yoxdur. Ölkə başçısı Türkiyənin bizə mənəvi dəstək göstərdiyini bildirdi. Buna görə də biz Türkiyə rəhbərliyinə, Türkiyə Prezidentinə və türk xalqına bizimlə həmrəy olduğuna və bizi dəstəklədiklərinə görə təşəkkür edirik”.

 Ç.Qənizadə söyləyib ki, Prezident İlham Əliyev həm münaqişənin mahiyyətini Rusiya ictimaiyyətinin diqqətinə çatdırdı, həm də tutarlı  faktlarla Ermənistanın təxribatçı siyasətini ifşa etdi:

 “Ölkə başçısı bir daha bəyan etdi ki, Ermənistan bu təxribatlara uzun müddətdir ki, hazırlaşır. Bunu işğalçı ölkənin  hərəkətlərinin və bəyanatlarının xronologiyası da təsdiqləyir. Həmişə olduğu kimi, bu dəfə də faktlar qarşısında aciz qalan Nikol Paşinyan, gah nala, gah da mıxa vurdu. Nə deyə bilərdi axı? Sözsüz ki, ermənilər belə cılız, qeyri- ciddi, yalançı və riyakar dövlət başçıları olmasından xəcalət çəkirlər”.

Sabiq deputat vurğulayıb ki, Prezidentimizin məntiqli, tutarlı, peşəkar və səlis cavabları tamaşaçılarda diplomatiya məharətinin zirvəsi təəssüratını yaratdı:

 “Bunun fonunda Paşinyanın sönük, faktoloji bazadan məhrum olan, dolaşıq və təkrarlanan fikirləri onun həm siyasi cəhətdən zəif olduğunu, həm də müdafiə etdiyi mövqeyin heç bir tənqidə dözmədiyini aydın göstərdi”.