Ermənistan Türkiyənin adını niyə hallandırır? – AKTUAL TƏHLİL

“NATO üzvü olan Türkiyənin adını çəkməklə NATO – KTMT qarşıdurmasına nail olmaq istəyir”

“Paşinyan Türkiyənin  döyüşlərdə iştirakını iddia etməklə diqqəti öz məğlubiyyətindən yayındırmağa çalışır”

“Son zamanlar Ankara bölgənin əsas oyunçusuna çevrilib. Bu da  erməniləri təşvişə salır”


Ermənistanın aramsız təxribatına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri əks-hücuma keçdi. Əslində, düşmənin cavabını layiqincə veririk. Ancaq məsələ yalnız bununla bitmir.  Prosesin kökü bir az dərindədir. Dövlətimizin tarixi torpaqlarımız üzərində suveren hüquqlarını bərpa etmək haqqı var. Bu baxımdan döyüşlərin davam edəcəyi istisna edilmir. Əlbəttə, bu gərgin vəziyyətdə qardaş Türkiyə ən ali səviyyədə Azərbaycana dəstəyini ifadə etdi və edir. Bu isə qan qardaşlığından və beynəlxalq hüququn prinsiplərindən irəli gələn qərardır. Məhz bu dəstəyə görə,c Ermənistan hakimiyyəti Türkiyəni də hədəfə alıb. Onlar dünyaya car çəkib bəyan edirlər ki, guya Azərbaycanla Türkiyə onlara qarşı birgə əməliyyat keçirir. 

Bu yolla beynəlxalq ictimaiyyətin, xüsusilə havadarlarının rəsmi Bakı və rəsmi Ankaranı ittiham etməsinə nail olmağa çalışırlar. 
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu isə Ermənistanın sərsəm açıqlamalarına cavab olaraq bildirib ki, Azərbaycanın təkbaşına işğal altındakı torpaqlarını azad etməyə gücü çatır:

“Biz dövlət, millət olaraq Azərbaycanın yanındayıq. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin BMT, ATƏT qərarları ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyib”.



 Mövcud proseslər fonunda fikirlərini “Sherg.az”la bölüşən “Tolerantlıq” Sosial Araşdırmalar Birliyinin sədri, politoloq Azər Rəşidoğlu bildirib ki, Ermənistan informasiya ruporu Türkiyə ordusunun əks-hücum əməliyyatlarında iştirakı haqda mif yaratmaqla da məşğuldur. 
Azərbaycan və Türkiyənin strateji müttəfiq olduğunu deyən analitik bu ölkələr arasında bir çox sahələr üzrə əməkdaşlığın mövcud olduğunu diqqətə çatdırıb:

“Lakin Azərbaycan Ordusunun apardığı əks-hücum zamanı Türkiyənin iştirakını iddia etmək gülüncdür. Ermənistan Dağlıq Qarabağda məğlub olduğunu anlayır. Odur ki, münaqişənin miqyasını böyütməyə və NATO üzvü olan Türkiyənin adını hallandırmaqla NATO – KTMT qarşıdurmasına nail olmaq istəyirlər.

Məsələ ondadır ki, Azərbaycanın heç kəsin hərbi yardımına ehtiyacı yoxdur. Bakı beynəlxalq hüquqla təsbit olunmuş normalara uyğun şəkildə əks- hücum əməliyyatlarına başlayıb və qısa zamanda separatçı rejim və təcavüzkar ölkə ciddi itkilər verib”.

A.Rəşidoğlu qeyd edib ki, Türkiyənin  döyüşlərdə iştirakını iddia etməklə erməni təbliğat maşını diqqəti öz məğlubiyyətindən yayındırmağa çalışır:

“Ermənistanın  siyasi və hərbi rəhbərliyi son əks-hücum əməliyyatı nəticəsində fiaskoya uğrayıb.

Azərbaycan Ordusunun qısa zaman kəsiyində növbəti dəfə erməni silahlı qüvvələri haqda mifi darmadağın edərək, düşmənin müdafiə xəttini yarması təcavüzkar ölkə daxilində böyük narazılıq yaradıb. Artıq bütün siyasi qüvvələr Paşinyanın istefasını tələb etməyə başlayıb. Bu tendensiyanı durdurmaq üçün “Paşinyan mediası” növbəti dəfə yalanlara əl atır. Ermənistan  mətbuatı və erməni lobbisinin nəzarətində olan bəzi Avropa KİV-i bu barədə iddialar səsləndirsələr də, bir fakt belə göstərə bilməyiblər. Azərbaycan mətbuatı isə ermənilərin hərbi birləşmələrinin tərkibində xaricdən gətirilmiş muzdlu terrorçuların olduğunu faktlarla sübuta yetirib. Ermənistan  bu müstəvidə manipulyasiya etməklə terrorçularla əməkdaşlığını arxa plana atmağa çalışır”.

Politoloqun qənaətincə, İrəvan gözəl bilir ki, Azərbaycanın uğurla apardığı əks-hücum qarşısında tab gətirə bilməyəcək:

“Erməni siyasi və hərbi elitasını acı məğlubiyyət gözləyir. Ermənistan iqtidarı bu məğlubiyyətlərin  səbəbini guya Azərbaycana hansısa xarici dəstəklə izah etməklə özlərini sığortalamaq niyyətindədir. Bu günə qədər ermənilər heç bir fakt göstərə bilməyiblər. Erməni təbliğatı özünü daha da ağır duruma salır və artıq ölkə daxilində Paşinyandan narazıların sayı artır”.

 Birlik sədri vurğulayıb ki, Türkiyənin Azərbaycanın yanında yer aldığını göstərmək üçün Ermənistan media və sosial şəbəkələr vasitəsilə dövriyyəyə çoxsaylı saxta xəbərlər buraxır:

“Amma yenə də bütün iddialar sözdən ibarətdir, bununla bağlı ortaya heç bir sübut qoyulmur. 

 İrəvan Ankara amilini xüsusi qabartmaqla  döyüş meydanında tək qaldığını göstərmək, bununla kənar dəstəyə ehtiyacının olduğunu nümayiş etdirməyə cəhd göstərir. Lakin  artıq heç bir ölkə batmaqda olan İrəvanla müttəfiqlik etmək istəmir”.

A.Rəşidoğlunun sözlərinə görə, son zamanlar Ankara bölgənin əsas oyunçusuna çevrilib. Bu da  erməniləri təşvişə salır:

“Çünki İrəvan Türkiyəyə qarşı ərazi iddiasındadır və odur ki,  Ankaranın güclənməsini istəmir. Belə yalanları dövriyyəyə buraxmaqla əslində öz gücsüzlüyünü nümayiş etdirir.

Azərbaycanın Ermənistanı tam məğlub etməyə resursları kifayət qədərdir.  Azərbaycan Ordusu döyüş qabiliyyətinə görə, Ermənistan silahlı qüvvələrindən bir neçə dəfə güclüdür.  Ankara Bakıya dəstək verir. Lakin bu dəstək mənəvi və beynəlxalq  hüquq normaları  çərçivəsində həyata keçirilir”.