Qaynar nöqtələrdən xəbərlər tez-tez verilməlidir

Zeynal Məmmədli hərbi vəziyyətlə əlaqədar olaraq televiziya kanallarının işini qənaətbəxş hesab edir

"Müdafiə Nazirliyinin media ilə işləyən əməkdaşlarının sayının artırılmasına ehtiyac var"


Müharibədə silah daha güclü, daha önəmlidir. Amma ağır döyüşlər getdiyi günlərdə müharibədə kütləvi informasiya vasitələrinin rolunu heç bir halda danmaq olmaz. Çünki informasiya həmişə silahdan öndə olub. Fiziki müharibə aparılarkən, eyni zamanda, onun tərkib hissəsi kimi informasiya müharibəsinin aparılması zəruridir. Ən qədim tarixi və dini kitablarda da baş verən hadisələr insanlar arasında informasiya müharibəsi üzərində qurulub. Məsələn, tarixə nəzər saldıqda görürük ki, Çingiz xanın yürüşləri zamanı ordunun önündə xüsusi informasiya hazırlığı görmüş müəyyən qrup atlılar çapırdılar.

Onlar Çingiz xanın ordusunun hədsiz dərəcədə güclü və amansız əsgərlərdən təşkil olunduğu haqqında xəbərlər yayaraq əhalidə qorxu, ruh düşkünlüyü yaradırdılar. Bu cür psixoloji təsir üsullarından digər məşhur sərkərdələr - Makedoniyalı İsgəndər, Əmir Teymur və sair tərəfindən də istifadə edilib. Bəs bu gün, tarixi torpaqlarımızın qaytarıldığı bir zamanda kütləvi informasiya vasitələrinin, xüsusilə də televizya kanallarının apardığı informasiya müharibəsi özünü nə dərəcədə doğruldur? 

Media eksperti Zeynal Məmmədli "Şərq"ə açıqlamasında hərbi vəziyyətlə əlaqədar olaraq televiziya kanallarının işini qənaətbəxş hesab edir. O bildirib ki, çox təəssüf ki, gün ərzində buraxılışlarda eyni məlumatlar dəfələrlə təkrarlanır və bu da sözsüz ki, müharibə dönəmi üçün neqativ haldır:

"Bildiyimiz kimi hazırda cəbhədə qızğın döyüşlər gedir. Hazırkı dönəmdə insanlar həmin qaynar nöqtələrdən yeni xəbərlər almaqda daha çox maraqlıdırlar. Sözsüz ki, həmin ərazilərdə çoxsaylı media nümayəndələri yoxdur. Sadəcə, hər bir kəs Müdafiə Nazirliyinin verdiyi informasiyaları ictimaiyyətə çatdırır.

Bəs, Müdafiə Nazirliyi bizim kütləvi informasiya vasitələrini nə dərəcədə informasiya ilə təmin edir? Hesab edirəm ki, bu müddətdə onların media əməkdaşlarının sayının artırılmasına ehtiyac var. Təbii ki, cəbhədə döyüşlər gedir, hərbi, dövlət sirri və bir çox şeylər var. Amma xəbər buraxılışlarında gün ərzində eyni məlumatlar dəfələrlə təkrarlanır. Bu, sözsüz ki, neqativ haldır. Hər dəfə ictimaiyyətə yeni məlumatlar verilməlidir. Müdafiə Nazirliyinin mətbuat xidməti sözsüz bununla bağlı ciddi işlər görməlidir. Sual yarana bilər ki, nə şəkildə? Əgər hər hansısa yeni xəbər yoxdursa, o halda onlar döyüşən əsgərlər və digər şəxslərlə bağlı müsahibələr hazırlayıb bu müddətdə yaya bilərlər. Çox təəssüf ki, biz bunları görmürük. Bu gün cəbhədə Vətən müharibəsi gedir. Sözsüz ki, bu gün hər kəsi daha çox torpaqlarımızın işğaldan azad olunması maraqlandırır. Düşünürəm ki, hər halda birmənalı şəkildə Müdafiə Nazirliyi öz fəaliyyətini dərinləşdirməli və genişləndirməlidir".

Z.Məmmədli texnikanın yüksək inkişaf etdiyi bir zamanda televiziya kanallarında bəzi ərazilərin göstərilməsində hər hansı bir sirr yayımının getmədiyini də vurğulayıb:


"Televiziya nümayəndələri son zamanlar döyüş gedən cəbhəyanı bölgələrimizdən çəkilişlər həyata keçirirlər. Təbii ki, çəkiliş zamanı döyüş gedən ərazilər göstərilmir. Ona görə də burada heç bir sirr yayımından söhbət belə gedə bilməz. Amma bütövlükdə televiziyalar belə bir situasiyanı ilk dəfə yaşayırlar. Hər hansı xırda və böyük nöqsanları onlara bağışlamaq olar. Amma bu işdə onlardan son dərəcədə peşəkarlıq nümayiş etdirməkləri tələb olunur".

Televiziya ekranlarında vətənpərvərliyin təbliğatı istiqamətində hazırlanan sosial reklamlarla bağlı qüsurluluğun və yoxsulluğun hiss olunduğunu diqqətə çatdıran media eksperti bildirib ki, belə bir vəziyyətdə onların artırılmasına çox ehtiyac var:

"Televiziyada bir sıra vətənpərvərlik mövzusunda reklam çarxları nümayiş olunur. Elə reklamların birində isə göstərilir ki, məsələn, biri həkimdir, biri sürücüdür və s. yəni hər kəs vətənin müdafiəsinə hazırdır. Bu çox normaldır. Belə tipli reklamları Türkiyədə və başqa yerlərdə çox görmüşəm. Amma təəssüf ki, belə sosial reklamlar say baxımından çox azdır. Hesab edirəm ki, onlardan ayrı-ayrı dövrlərdə Qarabağ savaşı qəhrəmanlarımızdan hazırlana bilərdi.

Bu, geniş, ardıcıl bir silsilə formasında olmalı idi. Çox təəssüf ki, yalnız bir dənədir. Məsələn, dövlət büdcəsindən maliyyələşən "Azərbaycan" və  İctimai Televiziya kanalları bu istiqamətdə nümunə verməli və örnək olmalı idi".