Hərbi ekspert deputatın təklifini dəstəklədi

Bütün ali və orta məktəblərdə hərbi dərslərin keçirilməsi çox vacibdir

Milli Məclisin dünən keçirilən iclasında deputat Fazil Mustafa ali və orta məktəblərdə hərbi dərslərin bərpa olunmasının vacibliyini vurğulayıb. O bildirib ki, biz orta və ali məktəblərdə hərbi dərsləri ləğv etməyimizin fəsadını yaşadıq: "Müharibə şəraitinin tələbi üzrə biz təcili orta və ali məktəblərdə hərbi dərslərin bərpa olunmasını təmin etməliyik. Bu gün çox sayda insanlarımız adi silahla davranış qaydalarını bilmir". 

Mövzu ilə bağlı fikirlərini "Şərq"ə bölüşən hərbi ekspert Üzeyir Cəfərov açıqlamasında təklif çox yüksək dəyərləndirib. O, hərbi dərslərin bir müddət əvvəl dərslərdən çıxarılmasına çox təəssüfləndiyini deyib:

“Azərbaycanın ali və orta məktəblərində hərbi dərslər keçirilməlidir. Ona görə ki, biz müharibə şəraitində olan ölkənin gəncləriyik. Hərbi dərslərin yenidən keçirilməsi təbii ki, təqdirəlayiq haldır. Ona görə ki, istər orta, istərsə də ali məktəbdə təhsil alan şəxs müəyyən müddətdən sonra hərbi xidmətə gedir. Orada ona silahla davranmaq və s. barədə dərs keçirilir.

Amma artıq müəyyən hərbi hazırlıq görmüş, vətənpərvərlik ruhunda tərbiyə olunmuş tələbələr hərbi hissələrə hazır gedəcəklər. Yəni hərbidə onlara sıra hazırlığı, atəş hazırlığı keçməyə heç ehtiyac da qalmayacaq. Bir sözlə, bu məsələ üzərində işləmək və təkmilləşdirmək lazımdır”.

Ekspertin sözlərinə görə, bu gün Azərbaycanda kifayət qədər pedaqoji təhsilli və ehtiyatda olan hərbiçilərimiz var ki, onlar öz bilik və bacarıqlarını gənclərimizə verə bilərlər:

“Hesab edirəm ki, bu dərslərin keçirilməsi həm gənclərdə müəyyən maraq oyadar, həm də bu sahədə dövlət strukturlarına bir dayaq olar. Çox təəssüf ki, son zamanlar bir sıra qeyri-peşəkarlar tərəfindən hərbi dərsləri 64 saatdan 36 saata saldılar.

Müharibə aparan bir ölkədə hərbi dərs deyən müəllimlərdən az qala əmək müəllimləri kimi istifadə edirlər. İnşallah, müharibə qurtarsın, bu barədə bir sıra tədbirlərimiz olacaq. Müharibə zamanı birinci növbədə insanların sağlamlığını düşünmək lazımdır.

Cəbhədə azğın, məkrli düşmən hara gəldi vurur. İndi televiziyada qulaq asırdım.  Xəbərlərdə bildirildi ki, düşmən Tərtərdə məktəbləri vurur. Bax, belə bir vəziyyətdə 11-ci sinif şagirdləri ən azından silahla davranmağı bacarmalıdır.

Həmçinin, mülki müdafiədən anlayışı olanlar müəllimlərinə və digər uşaqlara kömək edə bilərlər. Bu dərslərə əvvəllər çox ciddi yanaşılırdı, sonradan hansısa səbəblərdən bu dərslər yığışdırıldı. Amma bu, düzgün olmayan bir addım idi.

Göründüyü kimi, ölkədə hazırda müharibə gedir. Ona görə də 18 yaşından yuxarı olan hər kəsin hərbi texnikanın ilkin elementləri və əsasları barədə məlumatı olmalıdır".