İrana görə etmirdik, artıq vaxtdır

Azərbaycan İsraildə təcili səfirliyini açmalıdır

Milli Məclisin dünən keçirilən plenar iclasında deputatlar İrandan Ermənistana silah daşınmasını tənqid ediblər və Azərbaycanın İsraildə səfirlik açması təklifini irəli sürüblər. Deputat Sabir Rüstəmxanlı İrandan Ermənistana silah daşınmasını sərt tənqid edib və bu hərəkətin qonşu, müsəlman ölkəyə yaraşmadığını söyləyib:

“Azərbaycan rəhbərliyi və xalqımız, böyükdən-kiçiyə kimi hamı İrana bir müsəlman və qonşu ölkə kimi hər zaman hörmətlə yanaşmışıq. Münasibətləri normal saxlamaq, əməkdaşlığı inkişaf etdirmək üçün əlimizdən gələni etmişik. Amma əfsuslar olsun ki, cənub qonşumuz İran durmadan işğalçı Ermənistana yardım edir.

İran müxtəlif ölkələrdən gələn silah-sursatı Ermənistana daşımaqla məşğuldur. Hətta fars rejimi daxilində elə adamlar var ki, israrla tələb edirlər ki, Azərbaycan “Ermənistana hücuma son qoymalıdır” və s.

Əlbəttə, bu, onların şüuru və bizə yanaşmasıdır. Ona görə də təklif edirəm ki, biz növbəti səfirliyimizi İsraildə açaq. İndiyə kimi İranın mövqeyinə hörmətlə yanaşdığımız üçün bu addımı atmamışıq.

Amma artıq bunu etməyin vaxtıdır”. Deputat Fəzail Ağamalı da İsraildə Azərbaycanın səfirliyinin açılmasına ciddi ehtiyacın duyulduğunu bildirib və həmkarına dəstək verib.