"Azərbaycanın birliyi düşmənlərimizi qorxudur"

"Birliyimizin hesabına Azərbaycan qalib gəlir"

Nurəddin Mehdixanlı: "Biz biri-birimizin yanında olanda güclüyük, qarşı duranda isə bizi məğlub edirlər"

“Sevinirik ki, Azərbaycan ordusu əks-hücuma keçib. 30 ilə yaxındır işğalda olan torpaqlarımızda təmizlənmə, anti-terror əməliyyatı aparılır. Bu, Azərbaycanın beynəlxalq hüquqa söykənən haqqıdır. Biz özgənin torpağında vuruşmuruq. Öz ərazimizdə terror qruplaşmalarına, Ermənistanın işğalçı hərbi birləşmələrinə qarşı mübarizə aparırıq. Xalqımız 30 ildir gözləyir. Birləşmiş Millətlər Təşkilatından tutmuş, ATƏT-in Minsk Qrupuna qədər hamısı Azərbaycan xalqına qarşı ədalətsiz, riyakar siyasət aparırdılar. Xalqın da, dövlətin də səbri bir yerə qədərdir”.

Bu sözləri “Sherg.az”a açıqlamasında tanınmış aktyor, Xalq artisti Nurəddin Mehdixanlı söyləyib. O, düşmənin daim təxribat törətməyə çalışdığını vurğulayıb:

“2016-cı ilin aprelində Tovuz istiqamətində də təxribata əl atdılar. Ermənistanın baş naziri dedi ki, Qarabağ Ermənistan deməkdir. Parlamentimizi ora yerləşdirəcəyik, Şuşanı paytaxt edəcəyik. Bundan əlavə, qondarma andiçmə mərasimləri keçirdilər. Paşinyanın arvadı əvvəlcə sülh mələyi kimi görünüb, sonra əlinə silah götürüb Azərbaycana qarşı tuşladı. Bütün bunlar dünyanın gözü qabağında baş verirdi. Azərbaycan nə qədər dözməli idi?! Nəhayət, dövlət başçısı əks-hücum əməliyyatı barədə əmr verdi. Bu gün ordumuz ona verilən əmri yerinə yetirir. Kimsəyə borcumuz, yaxud da hesab vermək kimi bir niyyətimiz yoxdur.

Çünki heç bir  dövlət öz ərazisinin illər boyu işğal altında qalmasını qəbul etməz. 20 faiz torpağımız işğal altındadır. Bir milyon  məcburi köçkün var. Həmin ərazilərin yeraltı və  yerüstü sərvətləri talanır. Məktəblərimiz, məscidlərimiz uçurulub, dədə-baba qəbiristanlıqlarımız dağıdılıb. Buna nə qədər dözmək olar?!

Ancaq bir həqiqət var ki, güc göstərməsən səninlə hesablaşmırlar. Böyük mədəniyyət, dözümlülük məsələni sülhlə həll etmək bir nəticə vermədi. Ona görə Makedoniyalı İsgəndər kimi bu düyünü qılıncla doğramalıydıq.

Ali Baş Komandan qılıncı çəkdi və o düyünü doğradı. Vəssalam! Bizə bu problemin hərb yolu ilə həllinin olmadığını söyləyirdilər. Biz də illərdir dözürdük. İndi göstəririk ki, məsələnin yalnız bir həll yolu var. O da hərbdir, gücdür”.

Nürəddin bəy indi Azərbaycanda böyük ruh yüksəkliyinin olduğunu da bildirib:

“Hamı biri-birini təbrik edir. Şəhərdə evlərdə, binalarda, şəxsi və ictimai nəqliyyat vasitələrində Azərbaycan bayrağı dalğalanır. İnsanlar xoşbəxtdir. İllərdir təbəssümə, sevincə  həsrət qalmışdıq. Vətəndaşlar başıaşağı gəzirdi, fikirli, dərdli görünürdü. Soruşurdun necəsən? Cavab verirdilər ki, heç nə, yaxşıyam. Amma indi üzlərində işıq var, xoşbəxtdilər. Bu xoşbəxtliyi xalqa bağrından qopub, onun uğrunda savaşan, qanını tökən ordusu verdi”.

Aktyor Azərbaycan xalqının hazırda göstərdiyi həmrəylik məqamına da toxunub: “Bu məsələdə iqtidar, müxalifət və bütün ayrılıqlar aradan götürülüb. Əlli siyasi partiya bəyanat verdi ki, biz Ali Baş Komandanın yanındayıq, əmrini gözləyirik. Azərbaycanda hər kəsin bir arzusu var: Dağlıq Qarabağ və onun ətrafında işğal olunmuş ərazilər azad edilsin.

Ali Baş Komandan son məlumatı versin ki, bütün torpaqlarımız işğaldan azad olundu. Hamı o xəbəri gözləyir. İnanıram ki, olacaq. Onu da deyim ki, bu günlərdə gözlədiklərimizdən dəstək gəlmədi. Amma gözləmədiklərimizdən dəstək gəldi. Təbii ki, Türkiyə  qardaşımızdır, canımızdır. Pakistan da həmçinin.

Məsələn,  24 saat Türkiyə televiziyaları verilişlərini  bu məsələyə həsr edirlər. Türkiyənin bütün şəhərlərində insanlar ayaqdadır. Cənab Prezidentə  müraciət edirlər ki, icazə verin, gələk savaşaq. Amma indi Azərbaycan ordusu  kifayət qədər güclüdür. Öz problemini həll etməyə qadirdir. Bizim sadəcə mənəvi dəstəyə ehtiyacımız var.

Sağ olsun qardaşlarımız da o dəstəyi göstərirlər. Ermənistanın arxasında kimlərin olduğu da açıq şəkildə ortalıqdadır. Azərbaycan xalqı bunu unutmayacaq! Son bir ildə Azərbaycanın içərisində milli etnik zəmində, dini müstəvidə qarşıdurma yaratmağa çalışdılar.

Min cür oyunla təxribat törətməyə can atdılar. Çünki Azərbaycanın birliyi düşmənlərimizi qorxudur. Bu gün o birliyin hesabına  Azərbaycan qalib gəlir. Biz biri-birimizin yanında olanda güclüyük, qarşı duranda isə bizi məğlub edirlər.

Tarixdən gələn həqiqətdir! Ona görə birliyimizi qorumağı arzu edirəm. Qarabağ Azərbaycanındır. Bu xalq tarixinə sahib çıxır. Dostlarımız, qardaşlarımız sağ olsun. Allah əsgərimizi qorusun. Savaşdır, itkilərimiz də  var.

Heç istəməzdik ki, itki olsun. Amma biz vətənə ana deyirik. Ananın namusunu,  şərəfini oğul qorumalıdır. İndi o hadisə baş verir. Çox istəyirik ki, əsgərimizin başından bir tük əskik olmasın. Amma torpaq o zaman vətən olur ki, ora sənin qanın axır. Allah ordumuzu müzəffər edər. Sizlərlə bərabər qələbə xəbərini eşidəcəyik”.