Bu dəfə də ən zəif bənd Paşinyan oldu: "Faktlarla ifşa edildi"    

“Dövlətimizin başçısı Paşinyanın timsalında ermənini məğlub etməyin yolunu göstərdi”  


Bu günlərdə Azərbaycan dövlət başçısı İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan Rusiyanın “Rossiya-1” telekanalına müsahibə veriblər. Tərəflər mövcud vəziyyətlə bağlı danışıb, regiondakı gərginliyə münasibətlərini bildiriblər.

Prezident İlham Əliyevin məntiqli, əsaslı arqumentləri Paşinyanı növbəti dəfə aciz duruma salmaqla yanaşı, həm də xalqımızda böyük ruh yüksəkliyi yaradıb.  



Bu barədə “Sherg.az”a danışan millət vəkili, AŞPA-nın Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov sözügedən müsahibənin əhəmiyyətini yüksək qiymətləndirib: 

“Prezidentimiz çox mühüm fikirlər səsləndirdi. O, bütün dünyaya erməninin iç üzünü nümayiş etdirdi. Bilirsiniz ki, işğal altında olan ərazilərimizin tapdaqdan təmizlənməsi çox vacibdir. Prezident müsahibəsində səsləndirdiyi fikirlərlə bundan heç də az əhəmiyyətli olmayan iş gördü- informasiya məkanımızı işğaldan azad etdi.

Dövlət başçısı siyasi rəhbər kimi  danışmaqla yanaşı, həm də siravi əsgər kimi cəbhədən çıxış edərək erməni yalanını ifşa etdi. Özü döyüşə atıldı, örnək oldu. Prezidentimiz Paşinyanın timsalında ermənini məğlub etməyin yolunu göstərdi”.