Paşinyandan növbəti manipulyasiya: “Məğlubiyyətini Türkiyə ilə izah edir”

“Guya onları Azərbaycan Ordusu deyil, Türkiyə darmadağın edib"

"Xeyr! Erməniləri darmadağın edən Azərbaycan Silahlı Qüvvələridir”

 “Paşinyanın Türkiyə amili ilə bağlı Makrona müraciəti yenidən beynəlxalq səviyyədə Azərbaycana və Türkiyəyə təzyiqləri artırmaq məqsədi daşıyır”


Artıq 5 gündür, Azərbaycan Ordusu düşmənin aramsız təxribatlarına qarşı əks- hücum əməliyyatları keçirir. Qonşu dövlətlərin günlərdir davam edən proseslərlə bağlı yanaşması olduqca əhəmiyyətlidir. Gün keçdikcə çoxlu itkilər verən və hərbi texnikası məhv olan düşmən köşəyə sıxılıb. Ermənistan cəmiyyətində vəziyyət gərgindir, insanlar dərin təşviş içindədir. Belə olduğu təqdirdə Paşinyan diqqəti yayındırmaq, acizliyini büruzə verməmək üçün çirkin əməllərə əl atır.

Qardaş Türkiyə hər zamankı kimi Azərbaycanın yanındadır. Yolun sonuna gələn Paşinyan Türkiyənin ünvanına şər, böhtan xarakterli, həqiqətəuyğun olmayan fikirlər səsləndirir. Erməni baş nazir bəyan edir ki, guya Türkiyə ordusu və əsgərləri döyüşə cəlb edilib.

Ermənistanın Türkiyə məsələsini qabartmasını “Sherg.az”a şərh edən millət vəkili Asim Mollazadə bildirib ki, hər zaman olduğu kimi Türkiyə yenə də Azərbaycana siyasi-mənəvi dəstək verir. Parlamentari vurğulayıb ki, Türkiyənin bütün siyasi partiyaları bu dəstəyi ifadə edir:

“Hazırkı döyüşlərdə Türkiyə iştirak etmir. Ermənistan rəhbərliyinin Türkiyə məsələsini gündəmə gətirməsində məqsədi odur ki, Paşinyan məğlubiyyətini məhz Türkiyənin iştirakı ilə izah etmək istəyir.

Guya onları Azərbaycan Ordusu deyil, Türkiyə darmadağın edib. Xeyr! Erməniləri darmadağın edən Azərbaycan Silahlı Qüvvələridir”.

Millət vəkili qeyd edib ki, hazırda Fransa prezidenti Emmanüel Makron siyasi meydanda anti-Türkiyə cəbhəsinin aparıcı bir simasıdır:

“Paşinyanın Türkiyə amili ilə bağlı Makrona müraciəti yenidən beynəlxalq səviyyədə Azərbaycana və Türkiyəyə təzyiqləri artırmaq məqsədi daşıyır. Əslində isə Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi çalışmalıdır ki, Ermənistan BMT-nin təhlükəsizlik şurasının qətnamələrini icra etsin və Azərbaycanın işğalda olan əraziləri qaytarsın.

Ümumiyyətlə, Minsk Qrupunun xüsusilə Fransanın BMT-də iştirakı çox ciddi suallar doğurur. Azərbaycan Silahlı Qüvvələrinin hazırda həyata keçirdiyi sülhməramlı missiyasi bitəndən sonra bu məsələlərə qayıda bilərik”.