“Prezidentimiz hər debatda Ermənistan rəsmilərinə tarix dərsi keçir”

Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün daim ciddi səylər göstərib. Bu günlərdə ölkə başçısı BMT tribunasından Ermənistanın işğalçılıq siyasəti ilə bağlı növbəti təkzibolunmaz faktları və dəlilləri dünya ictimaiyyətinə çatdırdı. Cənab Prezident Ermənistanın hiyləgər və riyakar bir dövlət olduğunu bir daha təsdiqlədi.

Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında aparıcının suallarını cavablandırıb. Proqramda Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən son hadisələr müzakirə olunub.

Ölkə başçısının müsahibəsinə dair “Sherg.az”a danışan millət vəkili Müşfiq Məmmədli bildirib ki, Prezidentimiz aparıcıların suallarını daşdan keçən faktlar və dəlillər əsasında cavablandırıb. Parlament üzvü vurğulayıb ki, hakimiyyəti zəbt etdiyi ilk gündən danışıqlar prosesinin formatını dəyişməyə cəhd göstərən Nikol Paşinyan “Qarabağ Ermənistandır” bəyanatı ilə açıq-aşkar danışıqların davam etdirilməsində maraqlı olmadığını təsdiqlədi:

“Eyni zamanda qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilən “seçkilər”, hazırda işğal olunmuş ərazilərimizdə süni məskunlaşdırma siyasətinin həyata keçirilməsi Ermənistanın məkrli planlarının nədən ibarət olduğunu açıqlayır. Azərbaycan münaqişənin sülh yolu ilə çözülməsində maraqlıdır. Amma imitasiya naminə danışıqlar aparmaq istəmir, daim bəyan edir ki, sülh danışıqları nəticəli olmalıdır”.

Deputat söyləyib ki, Paşinyan Rusiya telekanalında Azərbaycana mənəvi dəstək göstərən qardaş Türkiyənin ünvanına şər, böhtan xarakterli fikirlər səsləndirərək öz zəifliyini bir daha sübut edir:

“Paşinyan belə əsassız təbliğat aparır ki, guya sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağa qarşı tammiqyaslı hərbi təcavüzə başlayıb. Guya ordumuz artilleriyadan və yaylım atəşi sistemlərindən istifadə etməklə Dağlıq Qarabağın yaşayış məntəqələrini bombalayırlar. Utanıb-qızarmadan bəyan edirlər ki, Türkiyə bu prosesə cəlb edilib”.

Parlamentari qeyd edib ki, Prezidentimiz bütün çıxışlarında, dünyanın nüfuzlu KİV-lərinə müsahibələrində Ermənistan rəsmilərinə tarix dərsi keçir.