Professor: “Jurnalistlərimiz də ön cəbhədədirlər” - Qaynar nöqtələrdən xəbərlər...

“Jurnalistlərimizin, o cümlədən telekanallarımızın fəaliyyəti heç zaman unudulmayacaq”


Heç kim sirr deyil ki, jurnalistika dünyada ən tühləkəli peşələr sırasında ilk yerlərdədir. Çünki reportyorlar, müxbirlər  daim ən qaynar nöqtələrdə olur, ekstremal hadisələrlə üzləşirlər. Belə anlarda vətəndaşlıq duyğusu ən ön plana çıxır. Biz bu günlərdə bunun növbəti dəfə şahidi olduq.

Otuz ildir, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda bütün cəbhəboyu genişmiqyaslı hərbi əməliyyatların başlandığı, tarixi fürsətin ələ keçdiyi və sosial şəbəkələrin məhdudlaşdığı bir anda ən operativ xəbərləri, o cümlədən qələbə xəbərlərini ictimaiyyətə çatdıran məhz peşəkar jurnalistlərdir.

 “Dördüncü hakimiyyət” nümayəndələrinin fəaliyyətini “Sherg.az”a qiymətləndirən BDU-nun Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli onlardan razılığını ifadə edib: 

“Koronavirus pandemiyası ilə mübarizədə həkim və polislərimizlə yanaşı, jurnalistlərimiz də çətin sınaqlardan keçdilər, ön cəbhədə vuruşdular. Biz indi də amansız düşmənlə-erməni qəsbkarları ilə üz-üzəyik. Belə bir vaxtda ordumuzla yanaşı, jurnalistlərimiz də ön cəbhədədirlər. Sosial şəbəkələrin haqlı olaraq bloklandığı bir zamanda jurnalistlərimizin, o cümlədən telekanallarımızın fəaliyyəti heç zaman unudulmayacaq.

Azərbaycan Dövlət Televiziyasından (AzTV) Vüsal Qaraca, Elnur Tofiq, Real TV-dən Kamil Eldaroğlu, İlqar Mikayıloğlu, ARB Tv-dən Nurlan Vilayətoğlu, İctimai Tv-dən Araz Xan, Xanlar Mehtiyev, Elvin Əliyev, Şöhrət Eyvazlı indi ən qaynar nöqtələrdən, düşmən topunun düşdüyü yerlərdən-Tərtərdən, Füzulidən reportajlar hazırlayırlar. Bu, ümumxalq sevgisinin təzahürüdür. Jurnalistlərimizin qayğıkeş, yorulmaz fəaliyyətini xalqımızın, dövlətimizin yüksək qiymətləndirəcəyinə inanıram”.

C. Məmmədlinin fikrincə, belə məqamlarda hərbi-vətənpərvərlik ruhunun təbliği çox vacibdir: 

“Onu da deyim ki, ayın 27-də İctimai Tv-nin “Xəbərlər” proqramının aparıcı Jalə Həsənli yeddi kəndimizin azad olunması xəbərini kövrələrək, sevinc göz yaşları ilə, səsi titrəyə-titrəyə xalqa çatdırdı.

Sonradan dünyanın bir çox telekanalları, o cümlədən Türkiyə televiziyaları da həmin kadrları təqdim etdilər. Bu, çox yaxşı haldır. Bəzilərinin jurnalistikanı milli ideologiyadan, təbliğatdan ayrı salmaqla bağlı “təbliğatları”nın zamanımıza uyğun olmadığı təsdiqləndi.

Rusiyanın “ORT” kanalında Seyninlər, Sovolyovlar anti-Azərbaycan təbliğatı ilə məşğuldurlar.

Deməli, hətta Rusiya kimi nəhəng bir ölkə də ön informasiya siyasətində təbliğatı əsas götürür. Odur ki, indiki tarixi, şanlı məqamda hər kəs, eləcə də, jurnalistləri birliyə, həmrəyliyə çağırıram”.