Deputat sərt danışdı: “Bizə “dur” deyənlər indiyədək niyə səssiz idilər?!” 

“Biz qan tökülməsinə maraqlı deyilik. Dediyim kimi, sülh tərəfdarıyıq. Amma otuz ildir Azərbaycana “gözlə” deyiblər”

“ATƏT-in Minsk qrupu heç bir nəticə ortaya qoymayıb. Sözün əsl mənasında sadəcə müşahidəçiliklə məşğul olub, tamaşa edib”

“İndi nə üçün Azərbaycan güclənəndə, qüvvələr nisbəti xeyrimizə dəyişəndə məsələyə münasibət bildirməyə başlayıb?!”


Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşüblər. Dövlət başçısı nitqi zamanı bir sıra mühüm məsələlərə toxunub. Həmçinin Azərbaycan əsgərlərinin xilaskar əsgərlər olduğunu söyləyən Prezident erməni xalqına müraciət edib: 

“Mən erməni xalqına üz tutub demək istəyirəm ki, onlar öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsinlər. Bu gün öz hökumətini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər. Nə işi var erməni əsgərinin Azərbaycan torpağında? Biz öz torpağımızda vuruşuruq. Bizim əsgər və zabitlərimiz öz torpağında həlak olur, öz torpağında yaralanır və biz öz torpaqlarımızı azad edirik”.

Bu barədə “Sherg.az”a fikirlərini bildirən millət vəkili Jalə Əliyeva Azərbaycanın sülh tərəfdarı olduğunu nəzərə çatdırdı:

 “Hərbi əməliyyatlar başlandığı gündən etibarən Prezident İlham Əliyev dünyaya və Azərbaycan xalqına verdiyi mesajlarda sülhdən yana olduğunu deyir. Və bildirir ki, yalnız bütün çarələr tükənəndə hərbi yola da əl atacağıq. Sentyabrın 27-dən başlanan növbəti düşmən təxribatı nəticəsində mülki əhali arasında ölənlər  oldu. Amma şanlı Azərbaycan ordusu həmişəki kimi bu təxribatın da qarşısını aldı. Biz bu gün-qüvvələr nisbətində də dəfələrlə öndə olduğumuz bir vaxtda humanistliyimizi, tolerantlığımızı, insanpərvərliyimizi qoruyuruq. Əli dinc sakinlərimizin, o cümlədən körpələrimizin, yaşlılarımızın, qocalarımızın qanına bulanmış Ermənistan hakimiyyətinə və xalqına deyirik ki, ordusunu əzəli Azərbaycan torpaqlarından geri çəksin”.

J. Əliyeva, həmçinin beynəlxalq qurumların mövqelərindən də danışdı:

 “Biz qan tökülməsinə maraqlı deyilik. Dediyim kimi, sülh tərəfdarıyıq. Amma otuz ildir Azərbaycana “gözlə” deyiblər. Ötən müddət ərzində ATƏT-in Minsk qrupu heç bir nəticə ortaya qoymayıb. Sözün əsl mənasında sadəcə müşahidəçiliklə məşğul olub, tamaşa edib. Dünya bizdən indi atəşkəs istəyir. Bəs bu günədək niyə səssiz idi?! Nə üçün Azərbaycan güclənəndə, qüvvələr nisbəti xeyrimizə dəyişəndə məsələyə münasibət bildirməyə başlayıb?! Əminik ki, qələbə bizimlə olacaq”.