Əsgər əmri yerinə yetirir

Ordumuz torpaqlarını düşməndən təmizləyir

Azərbaycana irad tutmağa heç kimin haqqı yoxdur

"İllərdir ki, bu konfliktlə bağlı heç bir addım atmayan, lazımi reaksiya verməyən dövlətlər bu gün ard-arda bəyanatlar verirlər.  Azərbaycan neçə müddətdir ki, bu münaqişənin həllini gözləyir. Ancaq beynəlxalq təşkilatlar onun həllində maraqlı deyillər. Əgər olsaydılar, çoxdan bu münaqişə öz həllini tapardı. Amma Birləşmiş Millətlər Təşkilatından tutmuş, ATƏT-in Minsk Qrupuna qədər hamısı Azərbaycan xalqına qarşı ədalətsiz, riyakar siyasət aparırlar. Bu gün Azərbaycan müharibə aparmır. Müharibə aparan Ermənistandır. Prezident İlham Əliyevin dediyi kimi, biz özgənin torpağında vuruşmuruq. Öz ərazimizdə terror qruplaşmalarına, Ermənistanın işğalçı hərbi birləşmələrinə qarşı mübarizə aparırıq". 

Bu sözləri politoloq Xəyal Bəşirov deyib. Onun sözlərinə görə, bu gün Azərbaycanın birliyi düşmənlərimizi qorxudur:

"Azərbaycan haqq davasında qardaş Türkiyəni daim yanında gördü. Təbii ki, digər ölkələrin də dəstəyini hiss etdik. Bu gün ordumuz yalnız ona verilən əmri yerinə yetirir. Bir məsələni də diqqətə çatdırım.

Əgər bütün dünya Dağlıq Qarabağı Azərbaycan torpağı kimi tanıyırsa, o zaman ölkəmizə irad tutmağa heç kimin haqqı yoxdur. Dövlət başçımız dəfələrlə çıxışlarında bildirib ki, Azərbaycan əsgəri öz ərazisində döyüşür, erməni əsgərinin bizim torpaqlarda nə işi var?!

Bu çox gözəl arqumentdir. Həm dünya ictimaiyyətinə, həm də Ermənistan dövlətinə və onun havadarlarına. Onlar hər zaman sülh danışıqlarına hörmətsiz yanaşıblar.

Danışıqlar fayda vermir və Ermənistan təxribatları davam etdirir. Biz o halda atəşkəsə razılaşarıq ki, erməni qoşunları Dağlıq Qarabağı tərk etsin. Münaqişənin yenidən alovlanmasında ATƏT-in böyük rolu var. Bu təşkilat 30 ilə yaxın bir müddət ərzində münaqişənin həlli üçün formulu ortaya qoya bilmədi. Bununla belə yenə də mənasız danışıqların davam etdirilməsini istəyir.

Azərbaycan Ermənistan tərəfindən edilən təxribatlara artıq dözüm nümayiş etdirə bilməz. Ali Baş Komandanımızın dediyi kimi, Qarabağ Azərbaycandır! Hər kəs torpaqlarımızın geri qaytarılmasını səbirsizliklə gözləyir”.