Bağçalar açıldı, məsuliyyət önəmlidir


Xüsusilə mətbəx və sanitariya qovşaqlarına diqqət artırılmalıdır

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, oktyabrın 1-dən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilir. Uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkündür. Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir. Bütün bağçalarda dezinfeksiya işləri aparılır. Bağçaların tərbiyəçiləri və texniki işçiləri bağçalarda geniş təmizlik, tibbi-profilaktik işlər görürlər.
Bəs, valideynlər uşaqları bağçaya göndərərkən nələrə diqqət etməlidirlər?

"Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova "Şərq"ə açıqlamasında bildirib ki, bu məsələdə valideyn məsuliyyəti ən önəmlidir. O vurğulayıb ki, körpələrin koronavirusdan qorunması üçün bağçaların oyun, yataq və digər otaqlarında mütəmadi olaraq hazırlıq işləri aparılmalıdır:



"Körpələr arasında sosial məsafənin qorunması, əllərinin tez-tez dezinfeksiyaedici məhlullarla yuyulması vacibdir. Uşaqları toplu vəziyyətdə bir yerə yığmaq böyük risk təşkil edir. Otaqların dezinfeksiya edilməsi, havasının tez-tez dəyişdirilməsi, o cümlədən uşaqların qidalanmasının qaydalar çərçivəsində olması vacibdir. Uşaqlara başa salmaq lazımdır ki, biri-birlərinə əl ilə təmas etmək, yaxın məsafədə dayanmaq olmaz. Əlbəttə ki, uşaq bağçalarında yoluxma riskləri var. Bu, gözəgörünməz düşməndir. Ona hər yerdə rast gəlmək mümkündür".

M.Zeynalova qeyd edib ki, bu yaş kateqoriyasında olan uşaqların gigiyena tələblərinə ən pis əməl etdiyi dönəm sayılır: 

"Müəllimlər və valideynlər maksimum çalışmalıdır ki, qaydalara əməl etməklə uşaqların yoluxmasının, zərər görməsinin qarşısını alsınlar. Hər bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulmalıdır. Hər gün bağçaya gələn işçi heyəti və uşaqların temperaturu mütləq şəkildə ölçülməli, tərbiyəçilər tez-tez valideynlərlə əlaqə saxlamalıdırlar.

Həmçinin həftə sonu bütün bağçalarda tam dezinfeksiya işləri aparılmalıdır. Xüsusilə mətbəx və sanitariya qovşaqlarına diqqət artırılmalıdır. Qeyd edim ki, bu məsələdə təkcə müəllimlərin deyil, valideynlərin də üzərinə böyük yük düşür.

Əgər övladlarında xəstəlik əlamətlərini hiss edərlərsə, bu zaman bağçaya gətirməmələri tələb olunur. Çünki bu, yoluxma sayını artıra bilər".