"Çoxsaylı maneələr var ki, öncə onlar təmizlənməlidir"- MÜSAHİBƏ

Rəşad Süleymanov: "Müharibə futbol oyunu deyil ki, ayağında top sürətlə irəliyə şütüyəsən"

"Hələ ki ordumuzun arsenalında olan bütün silahlardan istifadə edilmir"

İşğal altında olan torpaqlarımızı erməni təcavüzündən azad etmək xalqımızın qeyrət və şərəf məsələsidir. Şanlı Azərbaycan ordusu bu vəzifəni cəsarətlə, hünərlə yerinə yetirir. 5 gündür ki, torpaqlarımızın azadlığı uğrunda qanlı döyüşlər gedir. Silahlı qüvvələrimizin düşmənə layiqli cavab verərək torpaqlarımızı azad etməsi xalqımızın sevincinə səbəb olmaqla yanaşı, həm də cəmiyyətdə böyük ruh yüksəkliyi yaradır, qələbəmizin uzaqda olmadığını göstərir. Heç şübhəsiz, qısa müddətdə düşmən qüvvələrinə məxsus hərbi postların, müdafiə xətlərinin darmadağın edilməsi həm də Silahlı Qüvvələrimizin texniki baxımdan hansı səviyyədə olduğundan xəbər verir. Ən müasir silah-sursatla təchiz olunmuş Azərbaycan Ordusu düşməndən dəfələrlə üstün olduğunu hərbi uğurları ilə təsdiqləyir. 

“Azeri Defence” jurnalının baş redaktoru, hərbi ekspert Rəşad Süleymanov da “Şərq”in suallarını cavablandırarkən bildirib ki, Azərbaycan Ordusu hər baxımdan düşmənin silahlı qüvvələrindən üstündür. Baş redaktorun sözlərinə görə, ordumuzun əməliyyatları uğurla davam etdirilir.

 - Rəşad müəllim, hərbi ekspert kimi Azərbaycan Ordusunun 5 gündür davam edən hərbi əməliyyatlarını necə dəyərləndirirsiniz? 

 - Hərbi əməliyyatlar çox uğurludur. Azərbaycan Ordusu hazırda yarma əməliyyatları aparır. Yəni düşmənin canlı qüvvəsi və hərbi texnikası təmizlənilir və ehtiyatları məhv edilir. Bu metod imkan verir ki, düşmənin texnikası və canlı qüvvəsi tam şəkildə sıradan çıxsın. Daha sonra Azərbaycan Ordusu hücuma keçəndə qarşısında müqavimət göstərəcək, hücumlara tab gətirəcək düşmən qüvvəsi qalmasın. Ötən gün Müdafiə Nazirliyi qeyd etdi ki, Ağdərə istiqamətində düşmənin taboru mühasirəyə düşdü, tamamilə məhv edildi, döyüş bayraqları ələ keçdi. Ordumuzun ardıcıl əməliyyatları göstərir ki, Silahlı Qüvvələrimiz tələsmədən, düşünülmüş şəkildə hərbi əməliyyatlar təşkil edir. Müasir dövrdə müharibələr dəqiq silahlarla aparılır. Ərazi öncədən bir neçə gün ərzində artilleriya və aviasiya vasitələri ilə bombardman edilir. Düşmən qüvvəsinin əsas hissəsi tam məhv edildikdən sonra piyadalar rahat şəkildə müdafiəni yararaq irəliyə doğru gedir. Bu taktikanın tətbiqində məqsəd odur ki, canlı qüvvə itkisi minimuma endirilsin. İndiki dövrdə köhnə sovet taktikalarından, “ura, hücum, irəli” şüarlarından istifadə edərək döyüşmək effektsizdir. Azərbaycan Ordusu düşməni uzaqdan dəqiq silahlarla məhv edir. Yayılan video-görüntülərdən görünür ki, düşmən qüvvələri birbaşa döyüşə girmədən, uzaq məsafədən təmizlənir. 
 
- Təbii olaraq hamımız işğal altındakı ərazilərimizin üç-dörd günə azad edilməsini arzulayırıq. Amma yəqin ki, döyüş əməliyyatları planlı şəkildə həyata keçirilir...

 - Əlbəttə, elədir. Hamı istəyər ki, qısa zamanda bayrağımız Şuşada, Xankəndində dalğalansın. Bəzi adamlar deyirlər ki, nə oldu, niyə ordumuz irəli getmir və s. Əslində real müharibənin nə olduğunu bilənlər uzun illərdir işğalda qalmış ərazilərin təmizlənməsinin çətinliyini anlayırlar. Müharibə futbol oyunu deyil ki, ayağında top sürətlə irəliyə şütüyəsən. Döyüş əməliyyatları, hücumların təşkil edilməsi, xüsusən zəbt olunmuş bölgələrin azad edilməsi dəqiq hazırlanmış planların elə həmin dəqiqliklə icrası deməkdir. Müharibələr itkilər də nəzərə alınmaqla mümkün qədər səbrlə, təmkinlə aparılır. Generallarımız, zabitlərimiz, döyüşü idarə edən komandanlarımız hansı əməliyyatı hansı şəraitdə təşkil etmək lazım olduğunu çox gözəl bilirlər. Nəzərə alaq ki, düşmən strateji cəhətdən yüksək mövqelərdədir və 30 ildir orada möhkəmləniblər, müdafiə-istehkamları yaradıblar. Ərazilərdə hərbi texnikanın və canlı qüvvənin hərəkətinə mane olan çoxsaylı maneələr var ki, öncə onlar təmizlənməlidir. Təmizlənməmiş bölgələrdə əsgərlərimiz hərbi əməliyyatı uğurla icra edə bilməz. 

 - Uğurlu hərbi əməliyyatlar Azərbaycan Ordusunun həm maddi-texniki təchizat, həm də döyüş ruhu baxımından düşməndən dəfələrlə üstün olduğunu göstərmirmi? 

 - Döyüş əməliyyatları başlayan gündən prosesləri izləyirəm. Əsasən də texniki tərəflərə diqqət yetirirəm. 5 gündür davam edən döyüşlərdə Azərbaycan və Ermənistan ordusu arasındakı böyük fərq bir daha üzə çıxdı. Ordumuz aprel döyüşlərində fərqimizi qismən nümayiş etdirmişdi. Əslində bu gün də ordumuzun arsenalında olan bütün silahlardan istifadə edilmir. Əsasən pilotsuz aviasiya vasitələri işə salınır və düşmənin həm ön xətdəki, həm də arxadakı texnikaları sıradan çıxarılır. Məsələn, ermənilərin Şuşakənd yaxınlığında yerləşdirdiyi S 300 zenit raket kompleksi məhz PUA tərəfindən vuruldu və tarixə düşdü. Bu bizə imkan verir ki, Qarabağ səmasında pilotsuz aviasiyamız at oynatsın. Ermənilər gizlətsə də, yayılan videolardan aydın görünür ki, düşmən hərbçiləri panika içindədir və qorxu altında ora-bura qaçışır. Çünki Azərbaycan Ordusunun qəfil hansı hərbi obtekti vuracaqlarını bilmirlər. Bu gün 5-ci nəsil silah-sursatla təchiz olunmuş Azərbaycan Ordusu 2-ci nəsil texnika ilə silahlanmış düşmən ordusu ilə döyüşür. Ordumuz PUA-ların müxtəlif növlərindən istifadə edir. Həm kəşfiyyat, həm zərbə, həm də kamikadzelərdən çox dəqiqliklə faydalanırıq. Postsovet məkanında pilotsuz hərbi aparatların tətbiqi ilk dəfədir baş verir. İndiyə qədər adətən ənənəvi müharibə metodlarından istifadə edilib. Ermənilər bizə qarşı “Toçka U” raketlərini tətbiq edirlər. Amma ötən gün Müdafiə Nazirliyimiz fotolar paylaşdı və göstərdi ki, ermənilərin raketi partlamayıb. Bu raketlər sovet istehsalıdır və atış məsafəsi 120 kilometdrdir. Son 10 ildə Ukrayna və Suriyada bu raketlərdən istifadə olunsa da, heç birində partlamayıb, boru kimi torpağa batıb. Ermənistan ordusu köhnə, yararsız silah-sursat işlədir. 

 - Ermənistan ordusu sadəcə rus silahlarındanmı istifadə edir? 

 - Yox təbii ki. Digər ölkələrdən də silahlar alıblar. Bir neçə gün öncə öz saytımızda fotolarla birgə yazı paylaşmışdıq. Serbiyanın dövlət rəsmiləri də buna münasibət bildirdi. Balkan mətbuatı da bu barədə yazdı. Ermənistanın Serbiyadan aldığı “GM-2000” reaktiv raketləri var ki, qrad sistemindən atılır və 40 kilometr məsafəni vurur. Düşmən cəbhə gerisinin vurulmasında, mülki əhalinin bombardman edilməsində bu texnikadan istifadə edir. Serbiya şirkətləri iyul ayında etiraf etmişdilər ki, ermənilərə sadəcə minaatanlar və onların mərmilərini satıblar. Göründüyü kimi serblər ermənilərə atış məsafəsi 40 kilometr olan raketlər də göndəriblər. 

 - Düşmənlə müharibə həm də informasiya məkanında gedir. Ermənilər sentyabrın 27-dən bu yana durmadan dezinformasiya yayır, dünya ictimaiyyətini aldatmağa çalışırlar. Sosial şəbəkələrə girişin məhdudlaşdırıldığı günlərdə mübarizəmiz necə olmalıdır? 

 - Ermənilər Azərbaycanda sosial şəbəkələrin bağlanmasını çox qanqaraçılıqla qarşıladılar. Deməli, müharibə aparan bir dövlət üçün sosial şəbəkələrlə bağlı bu cür qərarın verilməsi çox doğru və zəruridir. Düşmən sosial şəbəkədə çox aktiv idi və asanlıqla təxribat yarada, insanlar arasında çaşqınlıq mühiti formalaşdıra bilirdi. İndiki dövr üçün də ciddi hazırlıq görmüşdülər. Ermənilər dünya ictimaiyyətini aldadır ki, guya, Azərbaycan Ordusunda muzdlular döyüşür. Nəinki indi, ümumiyyətlə, Qarabağ uğrunda aparılan savaşların heç birində Azərbaycan tərəfindən muzdlu döyüşçü olmayıb. Amma ermənilərin 2500 muzdlunu Qubadlıda yerləşdirdiyi haqda dəqiq məlumatlar var idi. Bu gün də Livandan, Suriyadan gələn ermənilər, PKK terrorçuları Azərbaycan Ordusuna qarşı vuruşur. 2016-cı ildə əsgərlərimiz xeyli muzdlunu məhv etmişdi. Buna rəğmən, ermənilər dezinformasiya yaymaqda davam edir. Ötən gün bir foto yayıblar, fotoda Azərbaycan Sərhəd Qoşunlarının geyimində iki saqqallı oğlan əks olunub. Sonra məlum olub ki, azərbaycanlı aktyorlardan kimsə klip çəkilişi üçün hərbi forma geyinibmiş. İndi istənilən hərbi geyimi əldə etmək asandır. Hamı forma geyinib foto çəkdirə bilər. Azərbaycan və Türkiyə silahlı qüvvələrinin geyimləri də eynidir. Əgər bu gün bizim xüsusi təyinatlılarımız “mulicam” geyim geyirsə, mütləq Amerika, yaxud ingilis əsgərimi olur?! Əmim rayon yerində yaşayır və saqqal saxlayır, özü də keçmiş döyüşçüdür. İndi hərbi forma geyinsə, deyəcəklər ki, Suriyadan gəlib?! Halbuki, Füzuli rayonunun sakinidir. Yəni çox məntiqsiz yanaşmadır. Nəzərə alaq ki, müharibəyə könüllü yazılanlar bəzən üzlərini qırxmağa, səliqə-səhmana vaxt tapmırlar.