Tağıyevin nəticəsindən Azərbaycana dəstək MƏQALƏSİ: Qarabağ həqiqətləri...

Azərbaycan xalqının hər zaman dərin hörmətlə xatırladığı unudulmaz şəxsiyyət, görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin hazırda Parisdə yaşayan nəticəsi Alban Klod Fransanın “Le Monde” qəzetində Dağlıq Qarabağ həqiqətləri ilə bağlı geniş məqalə ilə çıxış edib.
Alban Klod məqaləsini sosial şəbəkədə də paylaşıb və fransız dostlarına müraciət edərək məqaləni oxumalarını tövsiyə edib.




Məqalədə Qarabağ münaqişəsinin tarixi geniş işıqlandırılır. Ermənilərin Qarabağa yerləşməsindən başlamış, ötən əsrdə baş vermiş münaqişələr, azərbaycanlıların ermənilər tərəfindən qətliamları və Dağlıq Qarabağ probleminin hazırda hansı mərhələdə olduğu təfsilatı ilə qeyd edilir.

Alban Klod sosial şəbəkədəki paylaşımında məqalə barədə qısaca məlumat verərək yazır ki, müharibə tərəfdarı deyil: “Mən də müharibə tərəfdarı deyiləm.
Lakin 30 ildir davam edən münaqişədə diplomatiya heç bir uğur əldə etməyibsə, dondurulmuş münaqişələrin həllində müharibə qaçılmaz xarakter alır.

Ümid edirəm ki, məqaləm sizə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini daha yaxşı anlamağa imkan verəcək. Bu münaqişənin həllində Fransanın vasitəçilik rolunu rədd edən ayrı-ayrı şərhçilər də məqaləni diqqətlə oxusa, Fransanın rolunu görə bilər”.

Alban Klod sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatlarını nəzərdə tutaraq döyüş əməliyyatlarının aparıldığını vurğulayır: - Döyüşlər başlayıb.

Vəziyyətin ciddiliyini və Azərbaycana xüsusi bağlılığımı nəzərə alıb mövqeyimi anlayışla qarşılayacağınızı düşünürəm. Fransalı dostlarıma bu mətni (məqaləni) oxumalarını və Azərbaycan xəritəsinə diqqətlə baxmalarını tövsiyə edirəm.

Qeyd edək ki, Alban Klod məqalə ilə birlikdə Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu əks etdirən xəritəni də paylaşıb.