"Vallah, orduya qəbul etsələr, mən də gedərəm" - SÖHBƏT

Cavanşir Quliyev: "Ordumuz əməliyyata başlayanda rahatlıq hissi keçirdim ki, ölməyib o günü görəcəm"

"Mən Prezident İlham Əliyevin “Rossiya-I” telekanalına müsahibəsini izlədim. Prezident dedi ki, sonadək gedəcəyik, torpaqlarımızı işğaldan azad edəcəyik. İşğal olunmuş torpaqlar Azərbaycana qaytarılmalıdır. Bu məni çox sevindirdi"

"Əsgər marşı" sevilir deyə sevinmirəm. Çünki məndən sonra davamı olmalıydı. O “Əsgər marşı” 30 il əvvəl yazılıb! 30 ildir yazılmış marş yenə də birincidirsə, bu, yaxşı hal sayılmır. Mən istəyirəm ki, ondan qat-qat yaxşı marşlar yazılsın"


Quzey Kıbrıs Türk Cümhuriyyətinə - Cavanşir Quliyevə telefon açdıq. Görkəmli, ən əsası, sevimli sənətkarımızdı Cavanşir bəy. İllərdir Vətəndən uzaqda yaşayır, gözümüzdən iraq düşüb, qəlbimizdən əsla. Cavanşir bəyin bəstələrinin hamısı yüksək sənətkarlıq nümunəsidir (bəlkə özü təvazökarlıq edib razılaşmayacaq - M.R.). Amma dəqiq bilirik ki, Cavanşir Quliyevə xalqın sevgisini qazandıran başlıca əsəri “Əsgər marşı”dır.  Ötən əsrin sonları Qarabağ müharibəsinin qızğın vaxtlarında yazılmış bu marş ordumuza ruh yüksəkliyi verirdi. Kiçikdən-böyüyə hər kəsin dilinin əzbəri idi. Üzərindən 30 ilə yaxın müddət keçməsinə baxmayaraq bu gün də “Əsgər marşı” ən çox sevilən və ifa olunan əsərdir. İlklər həmişə daha çox sevimli və unudulmaz olur. Cavanşir bəyin “Əsgər marşı” da Azərbaycan xalqı üçün həmişə əvəzsiz olacaq. Ondan daha yüksək sənətkarlıqla yazılacaq əsərlər olsa belə. Olsa əgər... 

Telefon zənginə cavab verəcəyinə inamımız az idi. Beynəlxalq çıxışlarda problem yarana bilər, həmçinin Cavanşir bəy də bizimlə həmsöhbət olmaq istəməyəcəkdi bəlkə. İşinin çoxluğundanmı, ya sadəcə, danışmağa meylli olmadığı üçün. Amma cəhd etdik və alındı. Cavanşir bəy əksinə, söhbətə meylli idi – Ordumuzun uğurlu döyüş əməliyyatları onu da ruhlandırmışdı. Əhvalı xeyli yaxşı idi. Döyüşlərin başlanacağını, torpaqlarımızın işğaldan azad edilməsinə başlanacağı günü illərdir ki, gözlədiyini dedi: 

- Bizim hamımızın çoxdan gözlədiyimiz bir şey oldu. Azərbaycan Ordusu nəhayət, işğal altındakı torpaqlarımızı güc vasitəsilə geri almaq qərarına gəldi. Bunu biz illərdir gözləyirdik və deyirdik ki, danışıqlar yoluyla torpaqları işğaldan azad etmək mümkün olmayacaq. Mən şəxsən heç vaxt inanmamışam ki, bu münaqişə sülh yoluyla həll olunacaq. Amma artıq Ordumuz hücumdadır və işğal altındakı torpaqlarımızın azad edilməsinə başlanılıb. Təbii, məmnunluq hissi keçirirəm.

Həmçinin əminlik hissi də var ki, Qarabağ işğaldan azad ediləcək. Bu əminlik hissi, ordunun da əmin olması cəmiyyətə də təsir edir. Gənclərin cəbhəyə yola salınmasıyla bağlı kadrlara baxıram, hər kəsdə böyük ruh yüksəkliyi görürəm.

Birinci Qarabağ savaşında, 1992-93-cü illərdə belə deyildi. Hazırkı ruh yüksəkliyinin də vətəndaşların orduya, döyüşlərə can atmasının səbəbi məncə budur ki, artıq insanlar işğala sülh yoluyla son qoyulmayacağını anladılar. İnşallah, ordumuz, gənclərimiz döyüşlərdə qalib olacaq, mən ordumuza qələbə arzulayıram. Azərbaycan Ordusu yeni, müasir silahlara sahibdi, yeni döyüş taktikası, yeni kombinasiyalar... 

- Cavanşir bəy, Ordumuzun üstünlüyü hiss olunur, eləmi? 

- Əlbəttə! Birinci Qarabağ savaşındakı ordu ilə hazırkı ordu arasında böyük fərq var. Ordu təkmilləşib. O zaman sovetlərdən yeni ayrılmışdıq, ordu quruculuğu yeni-yeni başlayırdı.

Həm də biz müharibəyə hazırlıqsız idik, çünki müharibə olacağını düşünmürdük. Arxayınlıq hissi vardı. Amma ermənilər illərlə müharibəyə, işğala hazırlaşırmış demə! Savaşdakı müvəqqəti məğlubiyyətdən sonra Azərbaycan anladı ki, ordu qurmaq lazımdı və bu məsələyə ciddi yanaşmağa başladı.

Azərbaycan ordusu hazırda Ermənistan ordusundan üstündü və biz indi daha hazırlıqlı və daha ciddiyik. Son günlər cəbhədə aparılan əks-hücum əməliyyatları da bunu göstərir. Şəhidlərimiz, itkilərimiz var, amma başqa çarə yoxdu. Torpaqlarımızı almalıyıq. Arzu edirəm ki, itkilərimiz az olsun. Vallah, orduya qəbul etsələr, mən də gedərəm.

Amma yaşıma görə qəbul etməzlər. Gənclərimiz gedir döyüşə. Getməlidirlər də. Məsələ Vətənsə, heç kim tərəddüd etməməlidi. Biz də orduya aparılmasaq da, arxa cəbhədə, Vətəndən kənarda olsaq da, nə lazımdırsa edəcəyik. İnşallah, uğur bizim tərəfimizdə olacaq. Mən Prezident İlham Əliyevin “Rossiya-I” telekanalına müsahibəsini izlədim. Prezident dedi ki, sonadək gedəcəyik, torpaqlarımızı işğaldan azad edəcəyik. İşğal olunmuş torpaqlar Azərbaycana qaytarılmalıdır.

Bu məni çox sevindirdi. İndiyədək belə deyilmirdi. Amma indi açıq söylənilir. Bu, mənə inam verir ki, işğal olunmuş torpaqlarımızın hər qarışı azad ediləcək. Türkiyənin Azərbaycana mənəvi dəstəyi də əlavə ümid verir. Azərbaycana dəstək vermək istəyirlər, amma Azərbaycan tərəfi bildirdi ki, ordumuzun əlavə köməyə heç bir ehtiyacı yoxdur. Azərbaycan ordusu özü torpaqlarımızı işğaldan azad etmək iqtidarındadı. 

- Cavanşir bəy, siz efirlərdə, ümumilikdə incəsənət sahəsində vətənpərvərlik təbliğatının aparılmasının vacib olduğunu demisiniz. Əvvəllər bu məsələdə boşluq vardı, biz də narazı qalırdıq, telekanalların bu istiqamətdəki efir siyasətindən. Amma son zamanlar müsbət dəyişiklik görürük. Vətənpərvərlik məzmunlu proqramlar hazırlanır, məsələn, ifaçılarımızın yeni döyüş ruhlu mahnılar ifa etdiyini, kliplər çəkdirdiklərini görürük. İzləmək imkanınız olubmu Azərbaycan efirini? 

- Siz dediniz, bu, məni çox sevindirdi. Mənə sizin mövqeyiniz bəs etdi. Siz deyirsinizsə, deməli, həqiqətən dəyişiklik var. Azərbaycan televiziyalarını izləmək imkanım yoxdu, internetdən izləyə bilərəm.

Buna da hər zaman imkan olmur. Mən əvvəllər də demişəm, indi də təkrar edirəm, hər hansı mövzu ilə səmimi şəkildə məşğul olunursa, o zaman nəticə də olacaq.

Amma sifariş olanda keyfiyyət aşağı olur. Səmimilik yoxdursa, keyfiyyət də yoxdur. Buna incəsənətdə “sol ayağı ilə yazdı” deyirlər. Yəni, başdan-getdi. Ürəkdən, qəlbən deyil. Son hadisələr tərpətdisə sənətçiləri, deməli, bu işlə ciddi məşğul olmağa başlayacaqlar. 

- Necə deyim, nə yazılsa da, nə bəstələnsə də sizin “Əsgər marşı”nın yerini verməyəcək... 

- Mən bəlkə buna sevinməliyəm, mənim bəstəm bu qədər sevilir deyə, amma sevinmirəm. Çünki məndən sonra davamı olmalıydı. O “Əsgər marşı” 30 il əvvəl yazılıb! 30 ildir yazılmış marş yenə də birincidirsə, bu, yaxşı hal sayılmır. Mən istəyirəm ki, ondan qat-qat yaxşı marşlar yazılsın. Bir dövlət bir marşla keçinməməlidi. 

- Cavanşir bəy, niyə keçinməməli ki? Dövlət himnimiz 100 il əvvəl yazılıb. Necə gözəldi! Bu gün də ona hədsiz sevgi var, sevilir. 

-  Yoox, himn barəsində “gözəl” ifadəsini işlətmək doğru deyil. Himnin gözəl olmaq kimi bir missiyası yoxdur. Himn bədii əsər deyil, siyasi atributdur. Dövlət bayrağı kimi. Biz “dövlət bayrağımız gözəldir” deyə bilmərik. 3 rəngli bayraqdır, ay, səkkizguşəli ulduz.

Dünyanın neçə dövlətinin bayrağında bizim bayrağımızdakı rənglər var. Müsəlman dövlətlərinin bayrağında aypara var, ulduz var... Eləcə də dövlət himnləri. İnternetdə 200-ə yaxın dövlətin himni var, səsləndirib qulaq asa bilərsiniz. Əksəriyyəti sizə bəsit görünəcək.

Məsələn, Braziliya kimi böyük bir dövlətin himninə qulaq asıb “a, nə bəsitdir” deyə bilərsiniz. Çünki dövlət himnlərinə də, dövlət bayraqlarına siyasi atribut kimi yanaşırlar. Sadəcə, bu himn, bu bayraq bizim olduğu üçün onu sevirik. Yadınızdadı, bir vaxt dövlət himnimizin dəyişdirilməsi müzakirələri açmışdı bəzi deputatlar. Biri də dedi ki, himnimiz “darıxdırıcıdı”.

Sanki dövlət himni oynaq olmalıdır, sədaları altında rəqs etsinlər. Himn “Tərəkəmə”dir ki, rəqs edəsən?!.  Bəlkə də himnin müəllifləri Üzeyir bər və Əhməd Cavad olmasaydı, dəyişməyə cürət edərdilər. Nə isə. Bu barədə çox danışdıq... 

- Cavanşir bəy, hazırda müəllim kimi çalışırsınız? 

- Bəli. Şimali Kipr Türk Cümhuriyyəti Yaxın Şərq Universitetinin Səhnə sənətləri fakültəsinin dekanı və professoruyam. Bəzən bizə - Azərbaycandan mühacirət edənlərə “köçəri” deyirlər. Amma köçəri deyilik. Hara getsək də ürəyimiz ordadı. Hər kəs Vətən xiffəti çəkir. Vətənə bağlılıq biz azərbaycanlılarda, məncə, digər xalqlardan daha çoxdur. 

- Qızınız da sizin yanınızdadı, yəqin ailə qurub, nəvəniz var... 

- Ailəlidi, bir nəvəm var. Amma qızım İstanbulda yaşayır. 

- Çox istərdik ki, Bakıya qayıdasınız, yenə burda yaşayasınız. Qayıtmaq fikriniz var? 

-  Hər an qayıda bilərəm. Əbədi burada yaşamayacam. 15 ildir çıxmışam Azərbaycandan. Elə gün olmayıb ki, Bakı ilə əlaqə yaratmayım... 

- İstəyirəm, bir sualıma da cavab verəsiniz. Səmimi olacağınıza inanıram. Cavanşir bəy, sentyabrın 27-si ordumuzun döyüş əməliyyatlarına başladığı xəbərini alanda kövrəldinizmi? 

-  ... Bu yaşda kövrəlmək... sizin düşündüyünüz kimi olmur. Rahatlıq hissi desəm, daha dəqiq olar. Rahatlıq hissi keçirdim ki, ölməyib o günü görəcəm. Torpaqlarımızın azad olunmasını... Sonra bu rahatlıq hissi keçdi, yerini həyəcan aldı, çünki artıq cəbhə xəbərlərini izləyirdim. 

- İnşallah, Cavanşir bəy, Şuşanın, Xankəndinin, Laçının... azad olunması xəbərlərini alarıq! 

- İnşallah. Mən də buna inanıram.