Şərait yaradılmalıdır !- “Xarici jurnalistlər arxa cəbhədə işləsin" 

Bütün cəbhəboyu genişmiqyaslı hərbi əməliyyatlar başlandığı ilk gündən etibarən düşmən uduzduğunu anlayır və bu məğlubiyyəti  guya kompensasiya etmək məqsədilə ən müxtəlif yollar axtarır. Ermənistan tərəfinin tirajladığı saxta xəbərlər beynəlxalq mediaya da “ayaq açır”. Beləliklə, şayiələr, dezinformasiyalar yayılır.


 Əvvəlki vaxtlardan fərqli olaraq, indi ölkə  daxilində informasiya axınını düzgün təmin edə bilirik. Amma, təəssüf ki, beynəlxalq mediaya çıxışda fəaliyyətimiz arzuolunan səviyyədə deyil. Bu isə  futbol dili ilə desək, bəzən avtoqolla nəticələnir. 

 “Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev bu barədə “Sherg.az”a danışarkən problemi aradan qaldırmağın yollarını göstərdi:

 “Bu istiqamətdə imkanlarımız xeyli məhduddur. Media qurumlarımızın və ayrı-ayrı jurnalistlərimizin beynəlxalq KİV-ə əlçatımlığı da azalıb. Bu isə mövcud internet məhdudlaşması ilə əlaqəlidir. Sosial şəbəkələr giriş imkanının məhdudlaşmasını məqbul hesab edirəm. Biz həmin təşəbbüsün müsbət nəticəsini də gördük.

Amma informasiyanın ölkədən kənara çıxarılmasının məhdudlaşdırılması faktiki olaraq bizim ziyanımızadır. Fikrimcə, xarici jurnalistlərin arxa cəbhədə işləməyinə şərait yaratmaq lazımdır. Düşünürdüm ki, əgər bizim jurnalistlərə inam yoxdursa, müvafiq qurumlar hansısa addımlar atacaqlar. Amma onların fəaliyyətində də ciddi çatışmazlıqlar var”.

A.Əliyev, habelə informasiya müharibəsinin mahiyyətinə də toxundu: 

“İnformasiya müharibəsi jurnalistlərin məşğul olduğu və ola biləcəyi iş deyil. Bəzən teleaparıcılar tamaşaçıları salamlayarkən özlərini informasiya müharibəsinin iştirakçısı kimi təqdim edirlər.

Düzdür, müxbirlər, reportyorlar müharibə informasiyasını ötürməklə çox ciddi iş görür, informasiya müharibəsinə dəstəklərini göstərirlər. Amma “müharibə informasiyası” ilə “informasiya müharibəsi” fərqli anlayışlardır.

İnformasiya müharibəsi çox ciddi, artıq ayrıca bir sənayəyə çevrilmiş sahədir. Odur ki, bu sahəni başlı-başına buraxıb, informasiya müharibəsi ilə də jurnalistlərin məşğul olmasını tələb etmək doğru deyil.

Məsələyə sadəcə tələblər səviyyəsində yanaşılmamalıdır. İnformasiya müharibəsi bu işin hər detalını bilən peşəkarlara, mütəxəssislərə həvalə edilməlidir”.